Şamaxıda seçki etirazı – VİDEO
Noyabrın 2-də Şamaxı rayonunda bir neçə deputatlığa namizəd öz tərəfdarları ilə birlikdə etiraz aksiyası keçirib. Bir gün öncə keçirilən parlament seçkisində qanun pozuntularının araşdırılmasını tələb edən aksiya iştirakçıları ilə polis arasında gərginlik yaranıb. "Azadlıq” qəzetinin məlumatına görə polis aksiyanı dağıdıb.
Qəzet aksiyanı dağıdarkən polisin zorakılıq etdiyini, 5 nəfərin saxlandığını, amma sonradan onların azad edildiklərini bildirir.
Aksiya iştirakçıları arasında deputatlığa namizədlərdən Vəfalı Fətullayev, Qəhrəman Şəhriyar da olub.
Adı çəkilən namizədlər seçkinin saxtalaşdırıldığını bildiriblər. Onların sözlərinə görə, noyabrın 1-də keçirilən səsvermənin gedişi zamanı müşahidə etdikləri saxtakarlıq faktları ilə əlaqədar gün ərzində bir neçə dəfə Dairə Seçki Komissiyasına müraciət etsələr də, heç bir tədbir görülməyib. Səlahiyyətli şəxslər saxtakarlığın qarşısını almaq üçün heç bir addım atmayıb. Nəticədə saxtakarlıq halları daha da artıb.
Namizədlər deyir ki, Masallı, Abşeron kimi rayonların sakinlərinin gəlib Şamaxıda səs verməsi barədə əllərində çoxsaylı faktlar var. Bundan başqa, orta məktəblərin müəllimləri yuxarı sinif şagirdlərini kütləvi şəkildə məntəqələrə gətiriblər və onlar da başqa adamların adından Elxan Süleymanovun lehinə səs veriblər.
Seçkinin nəticələrinə etiraz edən namizədlərin saxlanan qohumlarının polisdə zorakılığa məruz qaldığı bilirilir.
Ancaq rayon polisinin bu deyilənlərə münasibətini öyrənmək mümkün olmayıb.
Hələlik bu aksiya ilə bağlı rəsmilərin hər hansı reaksiyası yoxdur.
Mənbə:> Azadlıq Radiosu