Hind prezidentini heyran edən azərbaycanlı » AzNews.info -Xəbər portalı

Hind prezidentini heyran edən azərbaycanlı – VİDEO

Hind prezidentini heyran edən azərbaycanlı


Axar.az-ın “Qızıl duetlər” layihəsinin dördüncü dueti Azərbaycanın klassik mahnılarının əvəzolunmaz ifaçısı, xalq artisti Elmira Rəhimova və əməkdar artist Yaşar Səfərovun oxuduğu “Səadət” mahnısıdır.

Klassik Azərbaycan musiqisinin bənzərsiz ifaçılarından olan Elmira Rəhimova 1941-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetini bitirdikdən sonra musiqiyə olan sevgisindən bu sahədə də təhsil almaq istəyən Elmira xanım Bakı Musiqi Texnikumuna qəbul olur. “Səadət”, “Tələbə”, “Sən yadıma düşəndə”, “Mavidir”, “Sənin nəğmən” kimi mahnıları həlim səsi ilə dinləyiciyə sevdirən Elmira Rəhimova bu gün həm klassik, həm də müasirdir.

1956-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olan Elmira xanım həmin illərdə daha çox hind mahnılarının ifaçısı kimi şöhrət tapmışdı. O, Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistana gedib, hind mahnı və rəqslərini öyrənib.

Bir müddət Hindistanda yaşayan müğənninin açıq havada oxuduğu Qənbər Hüseynlinin “Cücələrim” mahnısı sürəkli alqışlarla qarşılanır. 30 minlik tamaşaçı mahnını xorla oxuyur və müğənnidən həmin mahnını yenidən ifa etməsini istəyir. Elmira xanım Hindistanla bağlı tarixi günləri belə xatırlayır:

“Hindistanın prezidenti Cavahirləl Nehru baş nazir olarkən Bakıya gəlmişdi. Mən də Bakıdakı 18 nömrəli şəhər məktəbinin rus bölməsində təhsil alırdım, onda doqquzuncu sinif şagirdi idim. Ölkəmizə gəlmiş qonağın şərəfinə verilən konsertdə mən də çıxış etdim. İki mahnı öz dilimizdə, bir mahnı da hind dilində oxudum. İfam hindistanlı qonağın çox xoşuna gəlmişdi. O, öz ölkəsinə qayıtdıqdan sonra, tezliklə ölkə başçısı seçildi və məni Hindistanın ən məşhur ali akademiyası sayılan, Şantiniketan şəhərində yerləşən Rabindranat Taqor Universitetində təhsil almağa dəvət etdi”.

Elmira Rəhimova dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib və ölkəmizi təmsil edib.

Əməkdar artist Yaşar Səfərov

Mərhum sənətkar, əməkdar artist Yaşar Səfərov da Azərbaycan musiqisində mühüm yer tutan ifaçılardandır. 1940-cı ildə Naxçıvanın Şahbuz rayonunda anadan olan Yaşar Səfərov Asəf Zeynallı adına musiqi texnikumunun vokal və kamança şöbələrini, Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsini bitirib. Sonralar uzun müddət Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şirkətinin solisti olub.

Kuba, Danimarka, Avstriya, Macarıstan, Türkiyə kimi ölkələrə qastrol səfərlərinə gedib ölkəsini təmsil edən Yaşar Səfərov bir neçə mahnı və romansın ilk ifaçısıdır. Müğənni 1974-cü ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Naxçıvan MR-nın əməkdar artisti, 1989-cu ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görülüb. F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi əsgərlər qarşısında tez-tez çıxışlar edən Yaşar Səfərov eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Elmira Rəhimova və Yaşar Səfərov cütlüyü birlikdə bir neçə duet oxusa da, ən yaddaqalanı və bu gün də seviləni “Səadət” mahnısıdır. Elmira Rəhimova özü həmin duet haqqında belə danışır: “Azərbaycanda duet oxumağın əsas təməlini Yaşar Səfərovla biz qoymuşuq. Doğrudur, 50-60 il bundan əvvəl Xan əmi ilə Şövkət Ələkbərova “Keçən il gördüm səni” misrası ilə başlayan xalq mahnısını duet şəklində oxuyub. Amma onlardan sonra bizə qədər heç kəs müasir duet oxumayıb. Professional bəstəkar duetlərini Yaşarla mən ifa etmişik”.

Ramiz Mirişlinin Elmira xanımdan istəyi

“Səadət” mahnısının bəstəkarı Ramiz Mirişli Elmira xanımın səs tembrini çox bəyənib və onu daim fitri istedadlı bir müğənni kimi qiymətləndirib. Elə buna görə də yazdığı mahnıların əksəriyyətini Elmira xanımın oxumasını istəyirmiş:

“Mən Elmira xanımla 1963-cü ildən əməkdaşlığa başlamışam. O vaxt orta məktəbin buraxılış sinfində oxuyanlar üçün televiziyada müsabiqə elan etmişdilər. Mən də o müsabiqəyə qatılıb bir duet yazdım. Adı belə idi: “Günəşi gözləyirik”. Elmira xanımla rəhmətlik Yaşar Səfərov oxudu həmin dueti. O vaxtdan Elmira xanımla dostluğumuz başladı. Mən hələ neçə il əvvəl demişəm ki, Elmira xanım fitri istedada malik bir insandır, çox səmimidir, dosta, qohuma çox qayğı ilə yanaşandı... Onun səs tembri çox gözəldir. Bəzi müğənnilər olur ki, səsləri gur olur, yüksək olur, amma şirinlik, məlahət olmur. Elmira xanımın səs palitrasında bir gözəllik var, diapazonu da çox genişdi, yəni istənilən mahnının həm zilini oxuya bilir, həm də bəmini.

Mən Elmira xanımın səsi üçün otuza qədər mahnı yazmışam. Həm “Sahilsiz gecə” filmində oxuyub, həm bir çox pyeslərə musiqi yazmışam, onları ifa eləyib, neçə dənə duetimi Yaşar Səfərovla oxuyub”.

“Səadət” mahnısını gənc ifaçılar da solo və ya duet şəklində ifa edir, amma Elmira Rəhimova ilə Yaşar Səfərovun səsinin bu mahnıya vurduğu möhürü hələ ki heç bir səs unutdurmaq gücündə deyil.


Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *