Bakıda xüsusi əməliyyat: 42 radikal islamçı saxlanıldı - YENİLƏNİB
DİN tutulan radikal dindarlarla bağlı məlumat yaydı.
Daxili İşlər Nazilriyi Bakıda tutulan radikal dindarlarla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yasamal rayon Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyinin Rayon İdarəsi və Polis İdarəsinin əməkdaşları oktyabrın 22-də saat 21 radələrində Yavər Fərzəliyevə məxsus “Farklı Lahmacun” çay evində əməliyyat tədbiri keçiriblər.
Nəticədə çay evinin zirzəmisində qanunvericiliklə müəyyən edilməmiş qaydada təşkil olunan dini yığıncaqda iştirak edən, aralarında azyaşlılar da olmaqla 42 nəfər saxlanılıb.
Həmin ünvana baxış zamanı dini nifrət aşılayan və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.
Qanunsuz yığıncağın təşkilatçıları - Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov şübhəli şəxs qismində saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Digər iştirakçılar haqqında isə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.
14:35
Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.
Oxu.Az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb.
Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.
12:35
Dünən axşam, Bakının Yasamal rayonunda aparılan operativ-əməliyyat tədbirləri nəticəsində xüsusi xidmətin əməkdaşları islam radikalları ilə əlaqədə şübhəli bilinən 42 nəfəri saxlayıblar.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsindən bildiriblər.
Məlumdur ki, xüsusi xidmət əməkdaşları M.Seyidov 13 ünvanında yerləşən və Fərzəliyev soyadlı şəxsə malik “Farklı Lahmacun” adlı çay evinə daxil olublar.
Bu zaman müəssisədə 40-dan çox adam olub, onlar dini xarakterli tədbir keçiriblər. Toplaşanlar arasında iki yetkinlik yaşına çatmayan şəxs də olub. Bütün saxlanılanları Yasamal Rayon Polis İdarəsinə gətiriblər. Hadisə yerindən tapılmış dini ədəbiyyat da götürülüb.
Xəbər verildiyi kimi, saxlanılan şəxslərin bəzilərinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168.2-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə, bu işə yetkinlik yaşına çatmayanları cəlb etmə) maddəsi üzrə iş açılıb.
Cinayət məsuliyyətinə cəlb edilənlərdən hələlik üçünün adı məlumdur, bu, Zaqatala rayon sakinləri Rəcəbov Adil Məmməd oğlu, Kamran Eldar oğlu və Bakı sakini Şabanov Zaur Əhəd oğludur.
Hal-hazırda istintaq orqanları saxlanılan şəxslərin Azərbaycandan kənarda fəaliyyət göstərən qanunsuz silahlı qruplaşmalara aidiyyatını yoxlayırlar. Başqa sözlərlə, saxlanılan şəxslərin Suriya və İraq ərazisində hərbi əməliyyatlarda iştirak edən radikallara aidiyyatı olması ehtimalı var
Mənbə:> Oxu.Az