“Yol polisləri oğlumu öldürüb, amma bunu sübut edə bilmirəm” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

“Yol polisləri oğlumu öldürüb, amma bunu sübut edə bilmirəm” – FOTO

“Yol polisləri oğlumu öldürüb, amma bunu sübut edə bilmirəm”


“Oğlumu yol polisləri vurub öldürüb, amma bunu nə məhkəmədə sübut edə bilmirəm, nə də başqa yerdə”.

Bunu oğlunun ölümünə görə 5 il ərzində ayrı-ayrı qurumlara 436 dəfə şikayət edən Əli Hüseynov deyib.

Hadisənin təfərrüatlarını virtualaz.org saytınını müxbirinə danışan Ə.Hüseynov deyir ki, hadisə onun gözü qarşısında baş versə də gördüklərini və bildiklərini sübut edə bilmir: “2010-cu il, dekabrın 28-də işdən çıxıb oğlum Elşən Hüseynli ilə birlikdə evə gedirdim. Sulutəpə yolunda, Bakının 9-cu kilometrliyində 10 YP 773 nömrə nişanlı Yol Patrul Xidməti maşınındakı polis əməkdaşları oğlumun idarə etdiyi 90 XG 594 dövlət nömrə nişanlı “Mercedes” markalı maşını saxlamaq əmri verdi. Həmin yerdə maşın saxlamağa şərait olmadığından oğlum bir az qabağa gedib maşını saxladı. Polis də maşını bizim maşından arxada saxladı.

“Yol polisləri oğlumu öldürüb, amma bunu sübut edə bilmirəm”


Bir neçə dəqiqə gözlədik ki, yəqin polislər özləri yaxınlaşacaqlar. Oğlum gördü ki, gəlmirlər, özü getdi ki, soruşsun nə məsələdir. Mən yanlarında deyildim, amma maşındakı güzgüdən görürdüm ki, oğlum sürücü olan tərəfə yaxınlaşıb əyildi və əl hərəkətindən başa düşdüm ki, nə baş verdiyini soruşur. Onlar isə ona maşının o biri tərəfinə keçib, yanda oturan polislə danışmağa işarə edir.

Oğlum o tərəfə keçib maşının pəncərəsindən içəri əyildi və bir neçə dəqiqə sonra arxası üstə yerə yıxıldı. Mən maşından düşən kimi polis də mənə yaxınlaşdı ki, oğlunuz yıxıldı. Mən oğlumun burnunun üstündə, alın nahiyəsinə yaxın hissədə çapığı görüb dedim ki, onun üzündə heç nə yox idi, siz onu niyə vurdunuz. Mənə cavab vermədilər, gördüm ki, oğlum huşunu itirib. Polislər onu ayıltmağa çalışdılar, süni nəfəs də verdilər, özünə gəlmədi”.

Bundan sonra yaxınlıqdakı emalatxana işçisinin oğlunun üzünə su vurub ayıltmağa çalışdığını deyən ata əlavə edir ki, təcili yardım çağırdıqlarını, lakin gecikdiyinə görə məcbur olub Elşən Hüseynlini özləri maşına qoyaraq Xocasən təcili tibbi yardım stansiyasına aparıblar. Burada isə elektroşok aparatı olmadığından xəstəyə lazımi tibbi yardım göstərilə bilmir: “Orada yenə polis əməkdaşları Azad Azadov və Vüqar Ələkbərovdan soruşdum ki, niyə belə etmisiniz. Onlar dedi ki, heç nə etməyiblər, şübhələndikləri üçün maşını saxlayıblar. Amma şübhələndikləri maşına düşüb özləri yaxınlaşmadı.

Həmin axşam Binəqədi Rayon Prokurorluğuna müraciət etdim, ərizə yazdım ki, oğlumu polis vurub öldürüb. Oradan dedilər ki, nəşi gətirin. Həmin prokurorluqda ekspert baxdı, dedi ki, çapığın qanı niyə silinib. Biz dedik ki, qan silməmişik. Bundan sonra həkim dedi ki, beyinə gedən damarlarda tıxanma baş verib, ürək tutmasından dünyasını dəyişib. Həmçinin əlavə elədi ki, gicgah nahiyəsində də zədə var, amma demir ki, zədəni necə alıb. Ancaq onu dedi ki, yıxılıb aldığı zədədən belə olub. Amma oğlum üzü üstə yox, arxası üstə yıxılıb”.

Hadisə baş verəndən sonra bir neçə gün yas mərasimi ilə məşğul olduqlarını deyən Ə.Hüseynov sonra yenidən prokurorluğa baş çəkdiyini deyir: “Gördük ki, nə hadisə yerində araşdırma aparılıb, nə də polislər saxlanılıb. Ümumiyyətlə, heç bir iş görülməyib. Daha sonra bayram tətili oldu. 2011-ci il, yanvarın 5-də bizim tələbimizlə prokuror gəldi və şikayətimizi bildirdik. Heç nə olmadı. Səhəri gün isə ombudsmana, baş prokuror Zakir Qaralova teleqram vurduq. Cavab gəldi ki, analizin cavabı gəlməsə, cinayət işi aça bilmərik. 29 gündən sonra bizə kağız yazıb verdilər ki, oğlunuz işemiya xəstəliyindən dünyasını dəyişib. İşemiya xəstəliyi uzun müddət davam edən ürək xəstəliyinin son mərhələsidir, halbuki ölümündən 2 ay əvvəl oğlum işlədiyi yerdə - ABŞ-ın Azərbaycandaakı səfirliyində tibbi müayinədən keçib və onun tam sağlam olduğu bildirilib”.

“Yol polisləri oğlumu öldürüb, amma bunu sübut edə bilmirəm”


Oğlunun ölümü ilə bağlı etdiyi müraciətləri ayrıca dəftərdə siyahılaşdıran Ə.Hüseynov elə həmin dəftəri vərəqləyə-vərəqləyə deyir ki, dəfələrlə ayrı-ayrı səlahiyyətli şəxslərlə görüşləri olsa da heç biri onun gözlədiyi nəticəni verməyib: “Fevral ayında Zakir Qaralovun qəbulunda oldum, hadisənin gedişi ilə bağlı məlumat verdim. Zakir müəllim bütün sənədlərə baxdı və bildi ki, bu işlə bağlı cinayət işi açılmayıb. Bundan sonra öz müavini Nazim Abbasova tapşırıq verdi ki, bu iş Binəqədi Rayon Prokurorluğundan alınıb başqa rayona verilsin və bu işlə ciddi məşğul olsunlar.

Amma bu göstərişlər elə göstəriş olaraq qaldı, heç kim bu işlə məşğul olmadı. Məhkəmədə yalançı şahidlər gətirildi, halbuki hadisənin yeganə şahidi mən idim. Hər yerə yazdım, şikayətimə baxan olmadı. Baş prokurorun I müavini Rüstəm Usubovun da qəbulunda oldum, Qabil Qasımovun da. Qabil Qasımov bu hadisəni ört-bas elədi.

Binəqədi Rayon Məhkəməsinə müraciət etdik, ilk gün bizə dedilər ki, hadisə yerinə baxış keçirilməyib, əl izləri götürülməyib və s. Bunların heç biri icra edilməyib. Səhəri gün isə heç müşavirə olmadan qərar verdilər ki, sizin işiniz ləğv olunur, dedikləriniz təsdiqini tapmayıb.

Apelyasiya Məhkəməsinə müraciət etdik, onlar da birinci instansiya məhkəməsinin dediyini dedi.

“Yol polisləri oğlumu öldürüb, amma bunu sübut edə bilmirəm”


İndi mən tələb edirəm ki, bu iş yenidən araşdırılsın. Oğluma qoyulan xəstəlik diaqnozu da səhvdir, işdə cinayət tərkibinin olmaması da. 5 ildir ki, bu məsələ ilə bağlı yüz dəfələrlə müraciətlər etmişəm, səsimi eşidən yoxdur. Vəkil tutmağa isə imkanım yoxdur. Əvvəlcə hadisə baş verən gün vəkil tutmuşduq, o da bizi Binəqədi Rayon Prokurorluğuna aparmışdı. Sonradan məlum oldu ki, bu vəkillə müstəntiq uşaqlıq dostu imiş. Ona görə vəkil də bizə yox, öz dostuna kömək oldu”.

Qeyd edək ki, Binəqədi Rayon Prokurorluğu 2011-ci il, yanvarın 24-də cinayət işinin rədd olunması haqqında qərar verib. Prokurorluğun müstəntiqi, I dərəcəli hüquqşünas Elşən Məmmədovun rəyinə görə , Elşən Hüseynlinin qəfil ölümündə cinayət tərkibi yoxdur, YPX əməkdaşları xidməti vəzifələrini qanuni qaydada icra edib və heç bir pozuntuya yol verməyib.

Amma qeyd etdiyimiz kimi, mərhumun atası qərarla razılaşmır və iddia edir ki, hadisənin səbəbkarı yol polisi əməkdaşlarıdır: “Oğlumun 7 yaşlı qızını yetim qoyanların günahını sübuta yetirə bilmirəm. İndiyə qədər saysız-hesabsız şikayət məktubları yazmışam, amma heç birinə müsbət cavab gəlməyib”.

“Yol polisləri oğlumu öldürüb, amma bunu sübut edə bilmirəm”


Ə.Hüseynovun bu iddialarına münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdik.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org saytına açıqlamasında bildirib ki, həmin hadisədə polis əməkdaşları günahkar deyil: “Hadisə onun dediyi kimi polis əməkdaşları tərəfindən törədilməyib, bu iddia təsdiqini tapmayıb. Həm prokurorluq dəfələrlə araşdırma aparıb, həm də Daxili İşlər Nazirliyi təhqiqat aparıb, amma bu iddia təsdiqlənməyib. Elşən Hüseynli ürək tutmasından dünyasını dəyişib”.

Mənbə: Virtualaz.org -F.Kərimli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *