BMT-nin Baş Assambleyasının sabiq prezidenti rüşvətxor çıxdı
BMT-nin Baş Assambleyasının sabiq prezidenti, Antiqua və Barbudanın daimi təmsilçisi Con Eş gözaltına alınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti BBC-yə istinadən xəbər verib.
Daha öncə oktyabrın 6-da Nyu-York prokurorluğu ona qarşı Çin biznesmenlərindən ümumi məbləği 1,3 milyon dollar olan rüşvət alması barədə ittiham irəli sürmüşdü. 500 min dollar bəxşişin qarşılığında Eş BMT-nin baş katibi üçün Makaoda BMT-nin konfrans-mərkəzinin tikilməsinin labüd olmasına dair sənəd hazırlamışdı. Kompleksin ucaldılması ilə milyarder Nq Lap Senqin şirkəti məşğul olurdu.
Nağd puldan başqa ona Rolex saatı, BMW avtomobili “hədiyyə edilmiş”, şəxsi evinin ərazisində 30 min dollar dəyəri olan basketbol kortu tikilmişdi. Eş və ailə üzvləri üçün Yeni Orleanda sutkası 850 dollara olan oteldə istirahətin məsrəfləri ödənilirdi. Bundan başqa, Çin maqnatının vasitəçiliyi ilə, Eşin həyat yoldaşının iqlimin dəyişdirilməsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarından birində aylıq məvacibi 2,5 min dollar olmaqla işə düzəldiyi müəyyənləşdirilib.
Xəbər verildiyi kimi Eşdən başqa bu rüşvət sxeminə aidiyyatı olan daha dörd biznesmenə qarşı ittiham irəli sürülüb.
Ümumdünya təşkilatının baş katibi Pan Gi Mun daha öncə irəli sürülən ittihamlardan dolayı “şok olduğunu və böyük narahatçılıq” keçirdiyini bildirmişdi.
Mənbə:> Oxu.Az