Özbək imamları “love story”yə qarşı çıxdılar
Özbək rəsmiləri və imamları toy valsının ənənələrə zidd olduğunu elan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Ozodi” (“Azadlıq Radiosu”nun yerli xidməti) məlumat yayıb.
Daşkənddə toyların təşkili və keçirilməsi ilə məşğul olan şirkətlərdən birinin sahibinin sözlərinə görə, ona Respublika mədəniyyət və maarif mərkəzinin nümayəndələri müraciət edərək “özbək toylarında vals təşkil etməməyi və bu qəbildən olan mərasimlərin əvvəlində yeni evlənənlərin məhəbbətinin tarixini əks etdirən “love story”lərin göstərilməməsini tövsiyə ediblər”.
“Öncə onlar zəng etdilər, sonra isə iclasa çağırdılar və vals ilə love story-nin bizim mentalitetə uyğun olmadığını izah etməyə başladılar”, - o, deyib.
Şirkət nümayəndələri bildiriblər ki, hökumət yanında qadınlarla iş üzrə komitə ictimai təşkilatlarla bərabər “Özbək toylarının keçirilməsini qaydaya salmaq və qərb ölkələrinin kütləvi mədəniyyətinin özbək toylarına mənfi təsirinin kökünü kəsmək məqsədi ilə tədbirlər” hazırlayıb.
Eləcə də qeyd edilir ki, Özbəkistanın paytaxtında məscidlərdə imamlar cümə namazlarında yeni evlənənlərin vals oynamasının milli ənənələrə xas olmamasına dair moizələr oxuyurlar.
Mənbə:> Oxu.Az