Qırmızı diplomlu müəllim nazirdən kömək istədi – “Kreditimi valideynlərim ödəyir...”
“Universiteti qırmızı diplomla bitirmişəm, ancaq müəllim maaşım kifayət etmədiyi üçün kreditimi valideynlərimin pensiyası ilə ödəyirəm. Müəllim olmağıma baxmayaraq 2 ildir ki, ailəmdən pul almağa məcbur oluram, bu da müəllim olaraq mənim üçün böyük bir təhqirdir”.
Bu gün Azərbaycanda bayram ab-havasında kimi qeyd olunsa da, Anar müəllimin qara günləri elə 15 sentyabrdan sonra başlayır. Aldığı 160 manat maaşını elə yollara xərclədiyini deyən müəllim hələ ki, seçdiyi peşənin müqəddəsliyini yaşaya bilmədiyini deyir:
“Mən Müəllimlər Universitetinin coğrafiya fakültəsini qırmızı diplomla bitirmişəm. 2013-cü ildə imtahan verib Bərdə rayonunun Mollagüllər kənd tam orta məktəbinə müəllim kimi qəbul olmuşam. 9 illik məktəb olduğu üçün dərs saatı da azdır. 9 saat dərs saatım var, ona görə 100 manat, yol xərcinə, qalacaq yerə görə də 60 manat alıram. Ancaq Bərdə rayonundan kəndə avtobus olmadığı üçün gündəlik olaraq 10-15 manatım elə təkcə yola gedir. Burdan da görünür ki, aldığım 160 manat maaş yol xərcimə güc-bəla yetir. Mən 3 il bu maaşla işləməliyəm ki? Təhsil Nazirliyinə məktub yazmışam, Maarif müdirliyünə də müraciət etmişəm. Deyirlər ki, başa düşürük sizi, ancaq əlimizdən gələn bir şey yoxdur. Bərdə rayon məktəblərində bütün vakansiyalar dolub. Bakı məktəblərində müəllimlərin 500, 1000 manat maaş aldığını eşidib həmkarlarımız adına sevinirik. Ancaq o qədər olmasa da, bir yol xərcimizi çıxaracağımız qədər maaş bizə də verilsin. Peşəmi sevib seçmişəm və asan şəhər məktəblərindənsə, kənd məktəbində bu uşaqlara nəsə öyrətmək daha qürurvericidir. Ancaq bu şəxsi sıxıntılarıma görə qürurlanmağa imkanım olmur. Aldığım pulu kənd yolunda maşınlara xərcləyirəm deyə kredit götürüb maşın aldım. Ancaq indi də kreditin içində boğulub qalmışam, nə ödəyə bilirəm, nə də bir şey. Vəziyyətimi görən anam, atam krediti öz pensiyalarından ödəyir. Mən də elə əlimdəki pulu gəlib getməyə verirəm. Özümə qalmır ki, bir ay da mən ödəyim”.
Qeyd edək ki, bir neçə gün öncə Anar Quliyev "Azad Söz" səhifəsi vasitəsilə Təhsil Nazirliyinə üçün video-müraciət edib və video sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Mənbə:> Qafqazinfo.az - Günel Hacı