Bakının mərkəzində böyük təhlükə – FOTO
Bakının mərkəzində faliyət göstərən restoranların biri küçədə təhlükəli vəziyyət yaradıb.
Oxucuların Oxu.Az-a verdiyi məlumata görə, İstiqlaliyyət küçəsində binanın zirzəmisində yerləşən “LaParte” restoranı vətəndaşlara qorxulu anlar yaşadır.
Belə ki, sakinlər bildirlər ki, zirzəmidə yerləşən “LaParte” restoranına daxil olmaq üçün ərazidə pilləkən tikilib, əvvələr restoran dəmir hasarla əhatə olunmuşdur.
Lakin bir-iki ay bundan öncə restoran rəhəbriliyi dəmir hasarı yığışdırıb. Bunun nəticəsində İstiqlaliyyət küçəsi ilə hərəkət edən vətəndaşlar qorxulu anlar yaşayır. Vətəndaşlar düz yolu ilə gedə-gedə birdən-birə zirzəmiyə yıxılmaq təhlükəsi ilə qarşılaşırlar. Ərazidə oynayan uşaqlar isə son anda anlayırlar ki, zirzəmiyə düşə bilərlər.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildiriblər ki, belə bir məsələyə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərət edir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən qeyd ediblər ki, məsələyə baxılacaq.
Restoran əməkdaşları isə vətəndaşların şikayətini əsasız hesab edirlər. Belə ki, onlar bildiriblər ki, ərazidə hərəkət edən insan ayağının altına baxmalıdır.
Mənbə:> Oxu.Az