Bakıda pulsuz attraksionlarda pul tələbi – FOTO
Bakının Əhmədli qəsəbəsində, Rahib Əhmədov 16 küçəsində uşaqlar üçün nəzərdə tutulan meydançada pulsuz attraksionların ödənişli olması ilə bağlı redaksiyamıza müraciət edib.
Vətəndaş Oxu.Az-a bildirib ki, Xətai rayonu Əhmədli qəsəbəsində uşağı ilə gəzintiyə çıxdığı zaman maraqlı səhnə ilə rastlaşıb.
Belə ki, ondan bəzi attraksiondan istifadə etdiyi üçün ödəniş etməsini istəyiblər:
“Bu gün Ukrayna dairəsinin yaxınlığında uşaqlar üçün nəzərdə tutulan meydançada pulsuz attraksiondan istifadə edən zaman (batut, iki eletrik ilə işləyən yelləncək) park əməkdaşları yaxınlaşıb məndən pul istədilər. Park əməkdaşları bildirdilər ki, elektriklə işləyən attraksionlar fərdi şəxslərindir və valideynlər bu attraksiondan istifadə üçün ödəniş etməlidirlər. Pulsuz yalnız orda quraşdırılan yelləncəklər və sürüşkənlər idi”.
Vətəndaş onu da qeyd edib ki, elektrik ilə işləyən attraksionların heç birinin üzərinə qiymətlə bağlı məlumat yerləşdirilməyib. Ödəniş edən vətəndaşlara heç bir çek verilməyir. Ödənişdən imtina edən valideynlərin uşaqları isə attraksiondan istifadə edə bilmirlər. Onlar elektriklə işləyən attraksionları isə işə salmaqdan imtina edirlər.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinə müraciət etdik.
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin Mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirdi ki, parklarda fəaliyyət göstərən ödənişli xidmətlərin aparılması ilə bağlı Bakı Şəhər Ticarət Departamenti icazə verir.
Lakin qeyd edilən ərazidə ödənişli attraksionlarının fəaliyyət göstərməsinə icazə verilməyib:
“Meydançada quraşdırılan yelləncəklər və sürüşkənlər tam olaraq pulsuzdur. Lakin bəzi attraksionlar elektriklə işlədiyi üçün ödənişlidir. Parklarda ödənişli olan attraksionlarla bağlı məlumat olmalıdır. Yəni, ən azı orda tarif göstərilməlidir. Kassa aparatı olmalıdır. Sadalanan ərazidə valideynlərdən attraksiondan istifadə üçün pul istənməsi qeyri-qanunidir”.
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, ərazidə ödənişli attraksionların fəaliyyət göstərməsi məsələsi araşdırılacaq. Məsələ barəsində müəyyən ölçü götürüləcək.
Bağırov bildirib ki, bu kimi hallarla qarşılaşan vətəndaşlar (012) 566-83-71 nömrəsi vasitəsi ilə Qaynar Xəttlə əlaqə saxlaya bilərlər.
Mənbə:> Oxu.Az