Vəfat edən jurnalist dəfn edildi – VİDEO
Bir qrup şəxs tərəfindən döyülərək öldürülən jurnalist Rasim Əliyev torpağa tapşırıldı.
ANS TV-nin məlumatına görə, bu səhər yerləşdirildiyi 1 saylı şəhər xəstəxanasında vəfat edən jurnalist Rasim Əliyev günorta saatlarında Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırıldı.
Həkimlərin verdiyi məlumata görə, Rasim daxili qanaxma nəticəsində keçinib.
Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu dünən Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən mağazalardan birinin qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.
Rasim onu döyənlərin futbolçu Cavid Hüseynovun qohumları olduğunu iddia edirdi. Elə jurnalist xəstəxanada verdiyi son müsahibəsində, demişdi ki, Cavid Hüseynovun kiprli jurnalistin sualına reaksiyası ilə bağlı statusundan sonra, özünü futbolçunun qohumu kimi təqdim edən şəxsdən hədə-qorxu alıb. Daha sonra isə bir qrup şəxs tərəfindən döyülüb.
“Həmin şəxs ikinci dəfə mənə zəng etdikdən sonra özü təqdim edərək Cavid Hüseynovun bibisi oğlu olduğun bildiridi. Sonra o, mənə sual verdi ki, siz Cavid Hüseynovla danışmısınızmı? Məhz Cavid Hüseynov mənə deyib ki, o, oğlanla görüşün. Mən də onlarla görüşmək məqsədilə deyilən ünvana gəlib maşından düşdüm. Artıq onu şəkildən tanıyırdım. Ona yaxınlaşıb salamlaşmaq məqsədilə əlimi uzatdım və salamlaşdıq. Bu vaxt arxadan tanımadığım bir neçə nəfər sol qulaq nahiyəmdən mənə zərbə endirdi”.
Futbolçu Cavid Hüseynov bu hadisəyə aidiyyatının olmadığını bəyan edir. Jurnalistin ailə üzvləri təqsirkarların cəzalandırılmasını tələb edir.
Ölən jurnalistin atası Məmmədəli Əliyev oğlunun qatillərin tapılıb cəzalandırılmasını tələb edir.
Günahkarların tezliklə tapılıb cəzalandırılmasını Mətbuat Şurası da tələb edib.
Hadisə ilə bağlı bəyanatla çıxış edən Mətbuat Şurası Rasim Əliyevin ailəsinə başsağlığı verərək jurnalistə fiziki təzyiq göstərənlər, onun ölümündə günahkar olanların tezliklə tapılıb cəzalandırılmasını istəyir. Və bu əməli törədənlərin tezliklə qanun qarşısında cavab verəcəyinə ümid etdiklərini bildirirlər.
Jurnalistin ölümü ilə bağlı Azərbaycan Respublikası prezidentinin köməkçisi Əli Həsənov deyib ki, Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır.
Əli Həsənov onu da əlavə edib ki, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edirik və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik.
Respublika Baş Prokurorluğundan isə bildirirlər ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
Hazırda hadisəsinin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Cinayət işininin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.
Allah rəhmət eləsin!
Mənbə:> ANSPRESS