Nazirlik rəsmisi: Azərbaycanda Sibir yarası təhlükəsi yoxdur
Azərbaycanda idxal-ixrac qaydalarına uyğun olaraq, ölkəyə mal-qara idxal olunursa, onlar mütləq karantində saxlanılır. Gətirilən sənəd əsasında onlara baxış keçirilir və müəyyən olunur ki, onlara hansı vaksinlər vurulub. Əgər həmin vaksinlər Sibir yarasına qarşı vurulubsa, bir də onlar müayinədən keçirilir.
Oxu.Az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli “Azərbaycanda Gürcüstandan idxal olunan mal ətinə qadağa qoyula bilərmi?” sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, müayinə və yoxlamalar başa çatdıqdan sonra həmin mal-qara və ətin satışına və ölkədə saxlanmasına icazə verilir.
Nazirlik rəsmisi əmin edib ki, Azərbaycana idxal olunan mal-qara və mal əti daimi olaraq yoxlama və müayinədən keçirilir.
“Sibir yarası istifadə olunan əsas bioloji silahlardan biri olduğunu nəzərə alaraq bu məsələlər daim diqqətdə saxlanılır. Hazırda da bu mübarizə öz qüvvəsi ilə davam edir. Ölkədə Sibir yarası təhlükəsi yoxdur”.
Mətbuat xidmətinin rəhbəri Gürcüstandan alınan ətin qaçaqmal olduğunu da istisna etmir:
“Bu, qaçılmaz bir variantdır” - deyə, o əlavə edib.
Qeyd edək ki, Gürcüstan KİV-də yayılan məlumata görə, Ermənistanın Kənd Təsərrüfatı Nazirliyinin Qida məhsullarının təhlükəsizliyi üzrə Dövlət Xidməti ölkəyə gətirilən ət məhsullarına nəzarəti gücləndirib.
Adıçəkilən qurumun mətbuat xidmətinin məlumatına görə, avqustun 5-dən 19-na qədər Baqrataşen, Bavra və Qoqovani sərhəd keçid məntəqələrindən (Gürcüstanla sərhəddə) Ermənistana şəxsi istifadə üçün iribuynuzlu mal-qaranın ətinin idxal edilməsini qadağan edib.
Qurumdan bildirilib ki, bu qərar Sibir xorasına yoluxmuş ətin sərhəddən ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün qəbul olunub.
Mənbə:> Oxu.Az