Polis bir aylıq reydlərə başladı
Bu gündən Azərbaycanda “Təmiz hava” aylığına start verilib.
Oxu.Az xəbər verir ki, avqust ayının 1-dən 31-dək Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı keçirəcək.
“Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.
Tədbirlə əlaqədar yol polisi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
“Təmiz hava” aylığı tədbirləri çərçivəsində texniki baxışdan keçməyən sürücülərin də müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin olunacaq.
Mənbə:> Oxu.Az