DYP bir ay reyd keçirəcək
Avqustun 1-dən 31-dək ölkə ərazisində “Təmiz hava” aylığı keçiriləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, aylığın keçirilməsində əsas məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması və bu prosesə nəzarətin gücləndirilməsidir.
Tədbirlə əlaqədar nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırılır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasından sonra istismar etməlidirlər.
“Təmiz hava” aylığı çərçivəsində ETSN-nin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı şəhərində “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə avtonəqliyyat müəssisələrində və nəqliyyat sexlərində yoxlamalar aparacaqlar.
Yoxlamaya cəlb olunmuş avtomobillərdən atmosfer havasına atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunarsa, bu avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görüləcək.
İdarə sürücüləri texniki cəhətdən saz vəziyyətdə olmayan nəqliyyat vasitəsilə yola çıxmamağa çağırır.
Qeyd edək ki, mühərriyin ixrac etdiyi dəm qazının tərkibində karbon oksidin miqdarı normadan artıq olduqda nəqliyyat vasitəsi texniki cəhətdən nasaz hesab edilir və bu avtomobili idarə edən sürücü texniki nasazlığa görə inzibati məsuliyyətə cəlb edilir.
Mənbə:> Oxu.Az