Gədəbəydəki savaşın təffərüatları
Ölkəmizin qərbində, Ermənistanla sərhəd zonasında yerləşən Gədəbəy rayonunun sərhəd kəndlərində hərbi vəziyyətin gərginləşdiyi barədə xəbər vermişdik. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, erməni hərbi birləşmələri ordumuzun bölmələri yerləşən mövqelərə hücum ediblər və itki verərək geri məkiliblər.
Musavat.com-un hazırda Gədəbəydə olan və bu rayonda doğulub-böyümüş əməkdaşı hadisə yerindən məlumat verir:
"İyulun 24-də günorta saatlarında erməni silahlı qüvvələri Gədəbəyin İvanovka kəndindən təxminən 12 kilometr aralıda yerləşən Çiçəkli yaylağı deyilən ərazidəki hərbi hissəmizə hücum ediblər. Hücum nəticəsində 40 nəfər hərbçimiz mühasirəyə düşüb. Bir neçə saatlıq atışmadan sonra hərbiçilərimiz mühasirədən çıxmağa nail olublar. Lakin döyüş nəticəsində müddətdən artıq xidmət keçmiş (MAXE) sərrast atıcı Fətəliyev Eldar Səxavət oğlu baş nahiyəsindən aldığı güllə yarasından sonra yerindəcə keçinib.
Bundan əlavə, atışma nəticəsində 8 hərbçimizin yaralandığı bildirilir. Hazırda döyüş yoldaşlarının mühasirədən çıxması üçün qəhrəmancasına döyüşən və sonda həlak olan snayperçimiz doğulduğu İvanovka kəndinin qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində çoxlu sayda insan, o cümlədən, Gədəbəy rayon rəhbərliyi iştirak ediblər.
Qeyd edək ki, həlak olan hərbiçimizin qəhrəmanlığı ilə fərqlənib. Bir ay öncə E.Fətəliyev bir erməni zabitini öldürdüyünə görə, mükafatlandırılıb.
Sonda onu da bildirək ki, hazırda Gədəbəyin digər ermənilərlə sərhəd olan yerlərində tez-tez atışma səsləri eşidilir. Üç gün öncə erməni hərbçiləri Zodanlı deyilən yaylaqda əhalinin 35 baş mal-qarasını aparıblar".
Mövzunu diqqətdə saxlayacağıq.
Mənbə:> Musavat.com