General Əkbərovun iki çavuşu hara yoxa çıxdı...
Azərbaycan ordusunun Qazax rayonu istiqamətində xidmət keçən iki kiçik çavuşunun taleyi hələ də müəmmalı qalır.
Xəbər verildiyi kimi, kiçik çavuşlar Musa Musayevin və Tural Yolçuyevin dumanda azaraq Ermənistan tərəfə keçdiyinin ehtimal olunduğu barədə Azərbaycan Müdafiə Nazirliyi iyunun 23-də məlumat yayıb.
Daha sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan bildirib ki, həqiqətən həmin gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İrəvan ofisi onlara müraciət edərək təmas xəttinin Tavuş vilayəti, Vazaşen kəndi istiqamətindəki neytral zolaqda minaya düşdüyü təxmin edilən iki Azərbaycan hərbçisinin cəsədinin çıxarılması üçün qarantiya verilsin.
Ovanisyan iddia edib ki, belə qarantiya dərhal verilib, lakin Azərbaycan tərəfinin sonrakı addımları barədə məlumat yoxdur. Ovanisyan həmçinin bildirib ki, Azərbaycan hərbçiləri erməni tərəfə əsir düşməyib.
Bu gün virtualaz.org saytı iki çavuşun taleyi ilə bağlı Müdafiə Nazirliyinə növbəti sorğu göndərib. Lakin nazirlikdən bildirilib ki, hələlik hər hansı məlumat yoxdur və məlumat olsa, Müdafiə Nazirliyinin saytında yerləşdiriləcək.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bu gün “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib ki, Azərbaycan tərəfinin bildirdiyinin əksinə olaraq hərbçilərin sərhədi keçdiyi qeydə alınmayıb.
“Biz bunu nə təsdiq, nə də təkzib edə bilmərik ki, sərhədi keçmə cəhdi olmayıb. Çünki bu, mümkündür. Belə praktika var. Ancaq mən birmənalı şəkildə deyə bilərəm ki, bizdə azərbaycanlı hərbçilər yoxdur. Bizdə onların cəsədi də yoxdur. Dünən Qırmızı Xaç bizə müraciət etdi. Müraciətdə dəqiq göstərilmişdi ki, hərbçilərin ya cəsədləri, ya yaralı hərbçilər böyük ehtimalla neytral zonadadır, daha çox Azərbaycan tərəfinin mövqeyinə yaxın zonadadır. Və xahiş edilirdi ki, hərbçilərin oradan götürülməsinə icazə verilsin və təhlükəsizlik təmin olunsun. Biz dərhal icazə verdik, bu məsələdə heç bir maneçilik olmadı” - deyə Ovanisyan bildirib.
Lakin Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi əlavə edib ki, belə icazənin verilməsindən sonra Azərbaycan tərəfi hərbçiləri çıxarmaq üçün hər hansı addım atmayıb: “İcazənin verilməsindən sonra hətta həmin zonaya daxil olmağa cəhd də edilmədi. Mən fikirləşmirəm ki, bu, hansısa təxribatdır. Ola bilsin ki, hərbçilər nədənsə narazı olublar və bizim tərəfə keçmək istəyiblər. Yaxud mina partlayışı da ola bilər”.
Vazaşen kəndinin rəhbəri Lorik Bədiryan isə deyib ki, iyunun 23-də Azərbaycan hərbçilərinin sərhədin bu hissəsindən Ermənistan ərazisinə keçdiyini görən və eşidən olmayıb. Onun sözlərinə görə, kənddə sakitlikdir.
Azərbaycan mənbələri isə hərbçilərin meşədə azaraq sərhədi keçdiklərini, onların barəsində məlumat almaq üçün BQXK-yə müraciət edildiyini yazır. Today.az portalının yazdığına görə, hərbçilərin axtarışı Azərbaycan tərəfində də aparılır.
Beləliklə, müəmmalı vəziyyət yaranır: əgər hərbçilərin neytral zonada minaya düşdükləri barədə BQXK-nin İrəvan ofisinə müraciət edilmişdisə, o zaman axtarış niyə Azərbaycan tərəfdə aparılır? Yaxud hərbçilər yaralı halda, yaxud onların cəsədlərinin neytral zonada olduğu təsbit edilmişdisə, onların götürülməsi üçün doğrudanmı tədbir görülməyib? Ola bilərmi ki, hərbçilər Ermənistan tərəfə keçərək əsir götürülüblər və hazırda onları gizlədirlər?
Azərbaycan Müdafiə Nazirliyi sorğulara cavab vermədiyindən iki hərbçimizin taleyi ilə bağlı müəmmalı vəziyyət davam edir və narahatlıqlar artır.
Xatırladaq ki, bu, son həftələr Azərbaycan ordusunun general Rövşən Əkbərovun komandanlıq etdiyi ordu korpusunda baş vermiş növbəti insidentdir. Bundan əvvəl həmin korpusun hərbi hissələrində iki hərbçinin intiharı barədə xəbərlər yayılmışdı, Müdafiə Nazirliyi xəbərlərə şərh verməmişdi.
Mənbə:> Virtualaz.org