Azərbaycan şəhidlərini uğrunda canlarından keçdikləri torpağa tapşırdı – VİDEO
Bu gün Binəqədi rayonunda təmas xəttində şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, kəşfiyyatçı şəhid Bağırov Emin İmran oğlunun dəfn mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz”, “Vətən, sənə canım fəda” şüarları səsləndirilib. Cənazə namazı qılındıqdan sonra şəhidin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.
Dəfn mərasimində iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şəhidin yaxınlarına və rayon ictimaiyyətinə bildirib ki, Şəhid Bağırov Emin Azərbaycanın suverenliyi uğrunda qəhrəmancasına həlak olub. "Şəhidi son mənzilə yola salmağa gələn insanlar, xalqımızın milli ruhu, vətənpərvərlik duyğuları onu deməyə əsas verir ki, Azərbaycan xalqı öz torpaqlarını qısa zamanda işğaldan azad etməyə hazırdır", - deyə icra başçısı bildirib.
Daha sonra söz alan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Hafiz Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, mərhumun tarix müəllimi Qoşqar Hümbətov, şəhid Emin Bağırovun vətənin azadlığı uğrunda nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edərək yaxınlarına başsağlığı veriblər.
Bitib tükənməyən insan izdihamı ilə müşayiət olunan dəfn mərasimində sakinlər şəhidi son mənzilə yola salıblar. Binəqədi qəsəbə qəbristanlığında torpağa tapşırılan Bağırov Emin İmran oğlu Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında, yaylım atəşinin açılması ilə torpağa tapşırılıb. Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təhvil verilib.
Azərbaycan ordusu daha bir qəhrəmanını ötən gün itirib. Naxşıvan Muxtar Respublikasının Babək rayonunda dəfn olunan şəhid Rasim Əbdül oğlu Məmmədov qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, Rasim 4 uşaq atası olub: “O, 20 ilə yaxın idi ki, hərbi xidmətdə çalışırdı. Rütbəsi mayor idi. Atası Əbdül dayı da Birinci Qarabağ müharibəsinin veteranıdır”.
Rasim Goranboyun Tapqaraqoyunlu kəndində vuruşub. Aprelin 4-də səhər radələrində cəbhədə gedən qızğın döyüşlər nəticəsində qəhrəmancasına həlak olub.
Gecə Naxçıvan hava limanına şəhidi qarşılamağa minə yaxın insan toplaşıb. Daha sonra bir neçə km uzunluğunda avtomobil karvanınını müşayəti ilə R.Məmmədovun cənazəsi aeroportdan Naxçıvan şəhərindəki hərbi hospitala aparılıb.
Rasim Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğludur. Rasim Məmmədov Babək rayonunun Cəhri kəndində dəfn olunub.
Allah bütün şəhidlərə rəhmət eləsin!
Aprelin 2-nə keçən gecədən bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Ermənilərin qərargahları məhv edilib.
Döyüşlərdə ermənilərə məxsus tanklar, artilleriya qurğuları və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin hərbi qulluqçuları da şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Cəbhə xəttində baş verən hadisələrdən sonra Dağlıq Qarabağda məskunlaşan ermənilər bu əraziləri tərk etməyə başlayıblar. Bunu hətta ermənilər özləri, təmas xəttində olan jurnalistlər də etiraf ediblər.
Əhali təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrindən Xankəndiyə köçüb. Bəziləri isə hətta İrəvana belə getməyə hazırlaşdıqlarını deyib.
Aprelin 5-də saat 12.00-dan etibarən isə Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
Mənbə:> ANSPRESS