İcra başçısı şəhidin dəfnindən danışdı – FOTO
Fevralın 25-də Xocavənd rayonunda şəhid olan əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında deyil, ümumi qəbiristanlıqda dəfninin ailəsinin narazılığına səbəb olması haqda məlumat yayılıb.
Oxu.Az-ın məlumatına görə, mərhumun atası Nazim Cəfərov Turan-a bildirib ki, Nizami Rayon İcra Hakimiyyətindən ona “Şəhidlər xiyabanı bağlıdır, orada yer yoxdur” cavabı verilib.
Məsələ ilə bağlı Qafqazinfo Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ilə əlaqə saxlayıb.
İcra başçısı bildirib ki, şəhidin valideynləri, yaxınları yüksək mədəniyyətli insanlardır və onların dəfnlə bağlı heç bir şikayət və ya arzusunu eşitməyib. Keşlədə yerləşən Şəhidlər xiyabanında dəfn məsələsinə gəlincə isə icra başçısı bildirib ki, orada lap əvvəllərdən indiyə qədər yalnız həmin qəsəbənin sakinlərindən şəhid olanlar dəfn olunub:
“Şəhidimiz Zakir Cəfərov isə Rüstəm Rüstəmov küçəsində qeydiyyatdadır. Onun ana tərəfi keşləli olduğuna və qohumları orada yaşadığına görə ailəsinin xahişi ilə yas mərasimini həmin ərazidə keçiririk”.
Mənbə:> Oxu.az