Əli Əhmədov: Ermənistan törətdiyi təxribata görə peşman olacaq
Cəbhədə belə bir təxribatın məhz Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində törədilməsi ermənilərin təxribatçı xislətindən xəbər verir.
Aznews.info-un Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov ötən gündən başlayaraq ermənilər tərəfindən cəbhədə yenidən təxribatların törədilməsinə münasibət bildirərkən deyib.
Ə.Əhmədovun sözlərinə görə, Ermənistanın müxtəlif bəhanələrlə tez-tez təxribatlar törətməsi yenilik deyil: “Təəssüf hissi ilə qeyd edirəm ki, erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkməyib. Görünür, heç əl çəkmək də istəmir. Bu günə qədər ermənilər təxribatlar vasitəsilə aranı qarışdıraraq öz niyyətlərinə çatmağa cəhdlər göstəriblər”.
Baş nazirin müavini bildirib ki, ermənilər törətdikləri təxribata görə peşman olacaqlar:
“Qəti inanıram ki, Azərbaycan Ordusu, qəhrəman əsgərləri həmişə olduğu kimi, bu dəfə də erməni təxribatına layiqli cavab verəcəklər. Ermənilər də itkilər verərək törətdikləri təxribata görə peşman olacaqlar. Azərbaycan Ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa bir təxribatlara, eləcə də daha geniş miqyaslı döyüşlərə və bu döyüşlərdən çıxmağa hazırdır”.
Mənbə:> Trend.az