Mərkəzi Bank manatın gələcək taleyinə aydınlıq gətirdi
10 ayda dolların manata qarşı orta günlük məzənnəsi isə 1,5704 manat təşkil edib.
“Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına səbəb Əmanətlərin Sığortalanması Fondunun (Fond) lisenziyası alınan “Bank Standard” kommersiya bankının qorunan əmanətçiləri qarşısında kompensasiya öhdəliklərinin icrası ilə bağlıdır.
Bu məqsədlə qanunvericiliyə uyğun olaraq, Fondla 175 milyon dollar həcmində konvertasiya əməliyyatı həyata keçirilib”.
Oxu.Az “Azadlig.org”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankından (AMB) valyuta ehtiyatlarının 127 milyon azalmasının səbəbi ilə bağlı sorğuya cavab olaraq bildiriblər.
Nəşr yazır ki, ancaq AMB üçüncü devalvasiyanın gözlənilməsi ilə bağlı bəzi ekspertlərin fikirlərinə münasibət bildirməyib.
Manatın taleyi necə olacaq?
AMB-dan bildiriblər ki, manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyllərə uyğun və ötən ilin sonunda elan edilən yeni məzənnə rejimi çərçivəsində formalaşır.
“Çevik məzənnə rejimi qlobal iqtisadi şokların milli iqtisadiyyata mənfi təsirlərini hamarlamağa imkan verir. Eyni zamanda çevik məzənnə rejimi daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir.
Bundan başqa, yeni rejim ölkənin xarici valyuta ehtiyatlarının zəruri həcmdə qorunmasına müsbət təsir edir. Bu rejim həmçinin pul kütləsini və faiz dərəcəsini effektiv idarə etməklə Mərkəzi Bankın inflyasiyaya real təsir imkanlarını artırır” - deyə cavabda qeyd edilir.
Sorğuya cavabda bildirilir ki, Mərkəzi Bankın valyuta bazarında iştirakı minimuma endirilib. Dövlət Neft Fondunun (DNF) valyuta bazarında satışları da Mərkəzi Bankda təşkil olunan hərraclar çərçivəsində həyata keçirilib.
“Valyuta bazarında vəziyyətdən asılı olaraq hərracın parametrləri dövr ərzində çevik dəyişdirilib, bu hərracların mexanizmi təkmilləşdirilib. Mərkəzi Bankda valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meylli olub” - AMB bildirir.
Mərkəzi Bank qeyd edir ki, dövr ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) üzrə orta məzənnə əsasında müəyyən edilib. Cari ilin əvvəlindən növbəti iş gününə rəsmi məzənnənin bir iş günü əvvəldən elan edilməsi təcrübəsinə başlanıb.
10 ayda dollar 5,1% bahalaşıb
AMB bildirir ki, valyuta bazarında tələb-təklifə uyğun olaraq bu ilin 10 ayında manatın məzənnəsinin dinamikasında bir neçə möhkəmlənmə və ucuzlaşma dalğası müşahidə edilib.
Ümumilikdə, cari ilin 10 ayında manata nəzərən ABŞ dolları 5,1 faiz, avro isə 5,4% bahalaşıb. Dövr üzrə 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1,5704 manat təşkil edib.
“Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Cari ilin 9 ayında qeyri-neft sektoru üzrə real effektiv məzənnə 21,4% ucuzlaşıb.
Real effektiv məzənnənin ucuzlaşma meyli idxalın əvəzlənməsinə və ixracın stimullaşdırılmasına dəstək verən mühüm amildir” – deyə AMB vurğulayır.
Mərkəzi Bankın proqnozu nədir?
Mərkəzi Bank bundan sonra da 2015-ci ilin dekabrında elan etdiyi çevik məzənnə rejiminin tətbiqini davam etdirəcəyini bildirir.
“Üzən məzənnə rejimi iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunmasını, tədiyyə balansının və iqtisadiyyatın çevik tarazlaşmasını təmin edir. Habelə, pul siyasətinin pul kütləsi və faiz dərəcələrinə təsir imkanlarını artırır.
Manatın məzənnəsi bundan sonra da valyuta bazarındakı tələb və təklif nisbətindən asılı olaraq dəyişəcək. Valyuta bazarındakı tələb və təklif nisbəti isə öz növbəsində tədiyyə balansının vəziyyətindən asılı olacaq”, – deyə bildirilir.
AMB vurğulayır ki, onun valyuta bazarında iştirakı yalnız məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmaq məqsədi daşıyacaq.
Mənbə:> Oxu.az