Səhiyyə Nazirliyi Şirvandakı partlayışla bağlı məlumat yaydı – VİDEO (YENİLƏNİB)
Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar Şirvan Mərkəzi Rayon Xəstəxanasına indiyə kimi 24 nəfər müraciət edib.
Bu barədə Oxu.Az-a Səhiyyə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Onlardan 14 nəfər ambulator yardım alaraq evə buraxılmışdır. Hazırda xəstəxanada 10 nəfərin müalicəsi davam edir.
Üç nəfərin vəziyyəti orta ağır, yeddi nəfərin isə yüngül kimi qiymətləndirilir.
18:50
Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar səhiyyə naziri Oktay Şirəliyev Şirvan Rayon Mərkəzi Xəstəxanasına gəlib.
Oxu.Az-ın xəbərinə görə, indiyə kimi Şirvan Rayon Mərkəzi Xəstəxanasına 21 nəfər xəsarət alan şəxs daxil olub.
Xəsarət alanlara yüksək səviyyədə zəruri tibbi yardım təqdim edilir.
17:10
Şirvanda Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınan partlayış nəticəsində 11 nəfər xəsarət alıb.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
Onun sözlərinə görə, Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibbi yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb:
“Yaralılar Şirvan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlar müxtəlif dərəcəli yanğın xəsarəti alıb”.
16:37
Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunub.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Əlavə olaraq hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) göndərilib və 3 həkim briqadası hazırda göndərilməkdədir.
Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım göstərilir”, - nazirlikdən bildirilib.
Mənbə:> Oxu.Az