Tərtərdə partlamamış hərbi sursat tapılıb - FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Füzuli, Ağdam, Tərtər, Samux rayonlarında 7 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 16 partlayış yerinə baxış keçirilib.
ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, baxış nəticəsində Tərtər rayonunda 1 ədəd partlamamış hərbi sursat (1 ədəd Qrad raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb. Gün ərzində 44 610 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 3 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 568 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 489 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Mənbə:> Oxu.Az