Xəzərdə dəniz döyüşü
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvәlərin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə noyabrın 13-dən Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri, Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimləri keçirilir.
Təlimin birinci mərhələsində Hərbi Dəniz Qüvvələrinin qüvvə və vasitələri tam döyüşə hazır vəziyyətə gətirilərək gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxıb və əsas baza məntəqəsinin mühafizə və müdafiəsinin təşkilini müvaffəqiyyətlə icra edib. Əlavə olaraq şəxsi heyət və silahlarla komplektləşdirmə tədbirləri də başa çatdırılıb.
İkinci mərhələdə Hərbi Dəniz Qüvvələrinin qərargahında Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsi və Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı əlaqədə dəniz sərhədlərinin, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində neft-qaz infrastrukturu obyektlərinin mühafizə və müdafiəsi üzrə əməliyyatların planlaşdırılması həyata keçirilib və Hərbi Dəniz Qüvvələrinin gəmi, hissə və bölmələrinə döyüş tapşırıqlarının çatdırılması yekunlaşdırılıb.
Üçüncü mərhələdə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterlərinin dəstəyi ilə düşmən gəmilərinin və terror-diversiya qruplarının məhv edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Təlimlərə cəlb olunan bütün növ qüvvə və vasitələrdən döyüş atışları icra olunub.
Aktiv faza zamanı terrorçular tərəfindən ələ keçirilən bazanın məhv edilməsi, suüstü gəminin və heyət üzvlərinin azad edilməsi, boru kəmərinin monitorinqi, terrorçular tərəfindən ələ keçirilən neft özülünün azad edilməsi, Xəzər dənizinin əməliyyat zonasına daxil olan düşmən gəmilərinin məhv edilməsi, gəmilərin orderə düzülərək hərəkəti, Böyük-Zirə adasının cənub reyd istiqamətində dənizlə keçidi, gəmilərin mühafizə olunmayan reyddə lövbərə durması və hərəkətdə universal müdafiəsinin təşkili üzrə tapşırıqlar hərbçilərimiz tərəfindən uğurla icra edilir.
Təlimlər noyabrın 17-dək davam edəcək.
Mənbə:> ANSPRESS