Kursantlar Vətənə sədaqət andı içdilər – FOTO
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların andiçmə mərasimi keçirilib.
Oxu.Az Müdafiə Nazirliyinin mlumatına istinadla xəbər verir ki, hərbi məktəbin şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Təntənəli mərasimdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi polkovnik Fizuli Salahov hərbi andı qəbul edən hər bir kursantı və onların valideynlərini səmimi qəlbdən təbrik edib, Vətənimiz Azərbaycana, onun xalqına layiqli övlad olmağı, daim Vətənin keşiyində cəsarətlə dayanmağı arzulayıb, çətin və şərəfli hərbi xidmətdə gənc kursantlara uğurlar diləyib.
Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında tribuna önündən keçiblər.
Sonra valideynlər hərbi məktəbdə kursantlar üçün yüksək səviyyədə yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.
Mənbə:> Oxu.Az