Azərbaycanlının içindəki “Stokholm sindromu”
“Daha labirintlərə da lövhə vurublar: “Yolu azmaq qadağandır” (S.Yeji Lets)
* * *
Bizim illərimizin azərbaycanlısı xalis fərdiyyətçidir. O qədər fərdiyyətçidir ki, əmindir - ona özündən başqa heç kim kömək etməyəcək.
O qədər fərdiyyətçidir ki, başqa heç kəsə inanmır. İlk növbədə də dövlətə. Dövlət onu incidəcək. Qonşu aldadacaq. İş yoldaşı satacaq. Odur ki, əsl türmə qanunları ilə yaşa: “İnanma, istəmə, qorxma”.
Doktrinaya çevrilmiş 3 kəlmə...
Və bu xüsusiyyətlərdə hamı bir yumruq kimi birdir. Elə bu fərdiyyətçilər də öz oxşarlıqları ilə ümumiləşərək özlərini xalq adlandırır.
Çoxdan bəllidir - totalitar rejimlərin özlərinə layiq də xalqları olur. Və bu rejimdə yaşayanlar üzərlərində dövlətin amansız presini hiss etməkdən mazoxistcəsinə ləzzət alır. Sanki bununla fəxr də edir: “Dövlət məni əzirsə, deməli, dövlət güclüdür”.
Yəni “Döyürsə - sevir”. Əsl “Stokholm sindromu”.
Bu terminlə terrorçuların əlində olan girovlarda tədricən öz cəlladlarına ehtiram və həmrəylik hisslərinin yaranmasını ifadə edirlər. Nə vaxtsa - 40 il əvvəl - İsveç paytaxtında terrorçular bankda girovlar götürüb və polisin hücumu vaxtı da, xilas olduqlarından sonra da girovlar terrorçuları müdafiə edib.
Eynilə 1979-cu ilin 20 noyabrında Məkkədə olduğu kimi. O vaxt Cüheymanın dəstəsi Məkkəni tutmuşdu. Və yüzlərlə girov da onların tərəfinə keçmişdi.
Adi azərbaycanlının içində bir “Stokholm sindromu” yaşayır. O, dövlətə inanmır, ancaq onu repressiya etməyən dövlətə də hörmət bəsləmir.
Bu “tənhaların toplusu”nu xalq edən də o ümumi qorxu, inamsızlıq və inanmadığına mütiliyidir. Fərdlər öz fərdiyyətçiliyində kollektiv kimidir.
Adi azərbaycanlı bilir - dövlətdən heç nə tələb etmək olmaz. İstəmək, yalvarmaq - yenə də olar. Ancaq tələb etmək mənasız və qorxuludur. İstər nazirlərdən, istər deputatlardan, istərsə də JEK müdirlərindən. Faydası yoxdur - onsuz da kömək etməyəcəklər.
Odur ki, atomlaşmanın və yadlaşmanın total olduğu bugünkü cəmiyyətdə hər kəs başlı başınadır. Xalis fərdiyyətçilər bilir ki, boğulanın xilası onun öz işidir. Dövlətin və digər fərdlərin köməyinə arxayın olsa, daha da tez suyun altına gedəcəklər.
Haradasa xalqlar var - onlar ya dövlətə, ya da kollektiv gücə inanır. Oralarda fərdlər küçələrə təkcə ona görə çıxmır ki, qalib gələ biləcəkləri təqdirdə “Yer cənnəti”nin bərqərar olacağına inanırlar. Yox, ona görə çıxırlar ki, əmindirlər - dövlət onlara borcludur, dövlət onlar üçündür, dövlət mütləq yardım etməlidir. İçlərdəki bu inam və tələbkarlıq onları mübariz və mobil edir. Bu əminlik onları xalis fərdiyyətçi olan azərbaycanlılardan fərqləndirir.
Azərbaycanlı isə bir an da şübhə etmir ki, o və dövlət - kəsişməyən xətlərdir. Şübhə etmir ki, çətinə düşəndə dövlətdən də, qonşudan da, tanışdan da heç nə gözləməməlidir, öz növbəsində o da başqalarına yardım etməməlidir...
Bununla da yaşayış taktikası özünəxidmət olan fərdiyyətçi azəri toplumu formalaşıb və “sümükləşib”.
***
Bu cəhətdən azərbaycanlılar total həmrəylik nümayiş etdirir. Total həmrəyliyin doğurduğu sükutu isə başqa yerlərdə də axtara bilərsiniz - məzarlıq, morq, TV-lərdə...
Ölkənin sürətlə özü boyda məzarlığa çevrilməməsinin çarəsi yol axtarışlarından və diskussiyalardan keçir. “Ya yola çıx, ya tabuta uzan” - Vısotski oxuyardı. Və “Haraya getmək istədiyini bilmirsənsə, haraya gedib çıxacağın fərq etməz” (“Alisa möcüzələr ölkəsində”).
Siyasi arenada da total həmrəylikdir - YAP-la müxalifət partiyalarını formal proqram və nizamnamələrinə görə bir-birindən fərqləndirmək çətindir. Son 20 ilin sükunətinin başlıca səbəbi də budur - ideya, taktika, təşkilat, təbliğat məsələləri işlənməyib (hətta əhəmiyyətsiz sayılıb), ideologiya ortaya qoyulmayıb, “lider-avanqard-sosial baza” trilemması həllsizdir.
Bunları qabartmağın yeganə məkanı kimi mətbuat qalmışdı və bu dar alan da sürətlə kor dalana çevrilməkdədir. Başqa harada söyləmək, təbliğ etmək olar ki? Bəlkə İctimai TV-də? Mətbuat nə qədər ki, siyasəti ayrı-ayrı şəxslərin ambisiyalarının çözüldüyü yer, təbliğatı isə hamıya məlum faktların (“Çox pisdir, vəssalam!”) hər gün sadalanması kimi qəbul etməklə kifayətlənəcək - deməli, heç nə dəyişməyəcək. Cəmiyyət isə faktları mətbuatsız da bilir, ona cavablar lazımdır.
Üstəlik, illər boyu yalnız təkrarlanan korrupsiya, istismar, özbaşınalıq, cinayət... faktları sonunda adiləşib immunitet yaradacaq. Nə ki çoxdur - o, adidir və sonunda tədricən sosial xarakterdə biganəlik doğurub müqavimətsiz qəbul olunur.
Çıxış yolu isə 100 il əvvəlki kimi, yenə də 3 klassik suala cavabdan başlayır: “Nə etməli?”, “Kimdir günahkar?”, “Nədən başlamalı?”
Və onların cavabları hər gün, kristallaşmış şəkildə, açıq mətnlə, şəxsi nümunə ilə təsdiq olunmaqla təkrar-təkrar passiv çoxluğun mürgülü şüurunun oyanmasına yönəldilməlidir. Siyasət - dedi-qodular və depressiv faktların sadəcə sadalanması deyil, siyasət - ideologiya ilə silahlanmış, öz gücünə, gələcəyə inanan, bu günündən tam imtina edən qiyamçı ruhlu insanların yaradıcılığıdır.
Bizdə “Nə etməli” sualına “Heç nə. Gözləməli” cavabı verilir. Nəyi? - sükut.
“Kimdir günahkar?” - Sən demə, günahkar ayrı-ayrı məmurlardır və onları dəyiş, hər şey düzələcəkmiş. Ya da günahkar xalqın özü imiş. Halbuki “Hər birimiz Sokratın ölümündə günahkarıq”. Ancaq hər birimiz də elə bilir özü istisnadır.
Marks təkcə hansısa kralı, ya çarı günahkar saymadan bütöv bir sinfi bu rolda elan etdi. “Narodnaya Volya” çarı dəyişdi - heç nə dəyişmədi. 1905-ci il rus inqilabı konstitusiyaya nail oldu - əsarət və istismar qaldı. Bəlli oldu ki, bütün istismarçılar bir sinif kimi günahkardır. Kim istismar edirsə - hamısı. İyerarxiyadakı kalibrindən asılı olmayaraq...
Nə qədər ki Sistem dəyişmədən fiqurlar dəyişəcək - deməli, heç nə dəyişməyəcək.
“Nədən başlamalı” sualı isə ümumiyyətlə cavabsızdır. Kimsə “Yeyib dağıtmaq üçün əla dövrdür” deyir və o cür də edir - hamımızın olanı dağıdır. Başqa biri bu suala “Satılmağa cəhd etməli” cavabını verir. Bəlli olur ki, çıxış yolu Sistemə qarşı çıxmaq yox, ona uyğunlaşmaq, onun vinti ola bilmək kimi qavranılır.
Və ölkə Sistemin içində əriyib itmək uğrunda savaşa çıxan vintlərin meydanına dönüb...
Məmməd Süleymanov
Mənbə:> Virtualaz.org