İran üçün tələ? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Foto

İran üçün tələ? – FOTO

İran üçün tələ?

İranla “altılığ”ın nüvə proqramı ətrafında 10 illik danışıqları razılaşma ilə tamamlandı. Bu çox uzun və ağır danışıqların yekununu “böyük tarixi hadisə” adlandırdılar.

İrana qarşı beynəlxalq sanksiyalar aradan qalxacaq, ölkə neftini və qazını dünya bazarına maneələrsiz çıxaracaq, sərmayə axını olacaq, iqtisadiyyat dirçələcək, Tehran xarici banklarda dondurulmuş 120 milyard dollr vəsaiti geriyə qaytarmaq şansı qazanacaq... Əvəzində isə “vur-tut” hərbi məqsədlə uranı zənginləşdirməkdən, nüvə silahı əldə etmək ideyasından əl çəkəcək (halbuki bu gün də sübut olunmayıb - İran nüvə silahı əldə etməyə çalışır, ya yox. İran nüvə proqramının sırf dinc xarakter daşıdığında həmişə israr edib).

İran üçün tələ?


Görünən mənzərə bu cürdür. İndi qalır BMT, ABŞ və Avropa Birliyi tərəfindən İrana qarşı tətbiq olunan çoxillik sanksiyaların ləğvi üçün müvafiq instansiyalarda onların müzakirəsi və təsdiqlənməsi...

BMT-də müzakirələr gələn ay olacaq, təsdiqlənərsə, 90 gün ərzində sanksiyaların ləğvinə başlanacaq.

Əlbəttə, İranda bu xəbərin entuziazm yaradacağı gözləniləndir. Ölkə xüsusilə son illər güclənən məhdudiyyətlər səbəbindən iqtisadi cəhətdən xeyli zəifləyib. Son 3 ildə adambaşına gəlir 2 dəfə azalıb, işsizlik artıb və s.

İran üçün tələ?


Ancaq bu zahiri idilliya fonunda nədənsə İranın qalib kimi göstərilməsinin zəif tərəfləri unudulur. Yəni tarixdə olmuş analogiyalardan, bol təcrübədən yararlanmadan bu razılaşmanın İrana yalnız xeyir gətirəcəyini fərz edənlər yanıla biləcəklərini nəzərə almırlar.

Elə bir təəssürat formalaşdırılır ki, Qərb İrana güzəştə gedib. Halbuki yaxın zamanlarda hər şeyin tərsinə olduğunu görmək ehtimalımız var. Qərb düşmənlərini fərqli yollarla neytrallaşdırır - bu, qamçı da olur, kökə də.

İran üçün tələ?


Vyanadakı razılaşma məhz “kökə siyasəti” deyil ki? Bunu analiz etmək bizim üçün də çox vacibdir, çünki sabah-birigün İranın neoimperialist Qərb qarşısında uduzması və ya kapitulyasiyası xaos deməkdir. O xaos ki, hazırda Yaxın Şərqi cənginə alıb. Və bu variantda Azərbaycanın baş verənlərdən kənarda sabit qalacağını gözləmək fiksiyadır.

Üstəlik, razılaşdırılan sənəddə İranın müqavilənin şərtlərini pozduğu məlum olacağı halda 65 gün ərzində sanksiyaların yenidən bərpa ediləcəyinin mexanizmi də yazılıb. Bu cür “şərtlərin pozulması faktı”nı isə falsifikasiyalarda çoxdan bişmiş Qərb özünə lazım olarsa istədiyi vaxt tapa bilər.

Yəni gözləmək ki, 10 illik danışıqların yekunu heç bir şantaja və iradi yozuma yer qoymur - bu, səhvdir.

Məsələn, MAQATE İranın nüvə obyektlərini yoxlamaq şansı qazanır, ancaq hansı obyekti və hansı səbəbə görə yoxlamaq istədiyini əvvəlcədən bildirməlidir. Yəni MAQATE nümayəndələri keflərinə düşən kimi, nə vaxt istəsələr əllərini yanlarına salıb inspeksiya edə bilməzlər. Tutaq ki, yoxlamanın vaxtında İranla razılığa gələ bilmədilər - bu, artıq İran tərəfindən razılaşmanın pozulması sayılacaq.

Üstəlik, İranın beynəlxalq sanksiyaların ləğvindən ən böyük uduşu iqtisadiyyatın inkişafı ola bilər.Ancaq unudulur ki, sanksiyalar İran iqtisadiyyatı üçün xeyli müddət stimul rolu oynayıb, ölkədə yerli istehsal güclənib (eyni yolla hazırda Rusiya da getməli olacaq).

Yaxud hazırda İran idxal etdiyi məhsulların 60 faizindən çoxunun qiymətini qeyri-neft istehsal məhsullarının ixracından gələn maliyyə ilə ödəyir (minerallar, karbamid, sement və s. ixracı). Bundan sonra isə qapıların xarici məhsullar üçün açılması yerli istehsala ziyan vuracaq.

İran üçün tələ?


Ancaq əsas təhlükə bunda deyil - sərmayəçilərin ardınca həmişə təbliğatçılar, “insan haqları müdafiəçiləri”, Qərb QHT-ləri gəlir. Təcrid vəziyyətində olmuş, dəyərləri və mentallığı Qərbdən fərqlənən cəmiyyətdə “açıq qapı” siyasəti hansı siyasi dəyişikliklərə gətirəcək və bu dəyişikliklər İran xalqı üçün yekunda (ilkin olaraq yox) nə ilə nəticələnəcək? Bu, artıq sualdır.

Düzdür, Çin nümunəsi var, çinlilər yad təsirlərə davamlıdırlar. Amma bu nümunə İran üçün də keçərli olacaqmı? Üstəlik, unutmayaq ki, İran diqtə edən yox, diqtə olunan tərəfdir.

İran üçün tələ?


Lap yaxın keçmişə nəzər salaq. Qəzzafi Liviyasının fəlakətləri məhz dünyaya açılmağa başladıqdan (əlbəttə, Qərbin anlamında), Qərblə yaxınlaşdıqdan sonra start götürdü. Ənənəvi-patriarxal cəmiyyətlər üçün “liberallaşma” dövrləri tamlığı saxlamaq baxımından ən təhlükəli dövrdür. Sonunda Qəzzafi Qərbin onun üçün illərlə hazırladığı tələyə düşdü.

İranı da bu gözləmir ki? İstənilən halda 1979-cu il inqilabından bəri təcrid halında olmuş İran dövləti üçün “qloballaşma”nın elementinə çevrilmək bütün anlamlarda (siyasi, iqtisadi, psixoloji, mədəni, əxlaqi) paradiqmalarda sürüşmə deməkdir.

Və nəhayət. Razılaşmadakı bəndlərdən birinə nədənsə çox az diqqət edildi. Bu, İranın silah və hərbi texnika ixracına yaxın 5 ildə qadağanın qalması ilə bağlıdır. Son günlərə qədər İran məhz bu sanksiyanın ləğvində böyük israr göstərirdi, ancaq nail ola bilmədi. Halbuki nüvə proqramı ilə müqayisədə Qərb üçün bu sanksiya sıradan, əhəmiyyətsiz sayıla bilərdi. Elə deyilmiş - Qərb üçün məhz bu sanksiya və məhz indi olduqca əhəmiyyətlidir.

İran üçün tələ?


Niyə? Ona görə ki, Yaxın Şərqin 4 dövlətinə İranın dəstəyi (o cümlədən hərbi dəstəyi) sirr deyil. Söhbət Suriya, İraq, Livan və Yəməndən gedir. Bu, o dövlətlərdir ki, yeni dünya düzənində onların Qərbin əli ilə dağıdılması gedir. Faktdır ki, İranın və onun himayəsində olan “Hizbullah”ın yardımı olmazsa, Bəşər Əsədin devrilməsi reallığa çevrilərdi (Əsəddən sonrakı Suriya isə hamının hamıya qarşı orta əsrlərin vəhşiliyi ilə savaşdığı tikələnmiş ərazilər toplusu olacaq).

Beləliklə, İrandan silah ixracını dayadırmağı tələb etməklə Qərb adıçəkilən dövlətlərin faciəsini dərinləşdirmiş olur (məqsəd də elə budur). Ancaq o da reallıqdır ki, Suriyanın süqutu, İraqın və Yəmənin parçalanması ilə onillər boyu davam edəcək xaosa bürünəcək Yaxın Şərqdə indiki İran dövləti də indiki tamlıqda və stabillikdə qalmayacaq.

İran üçün tələ?


Yəni İranın həmin dövlətlərə hərbi yardımını qadağan etməklə onların süqutunu tezləşdirən Qərb əslində həm də indiki İranın süqutunu tezləşdirmək məqsədi güdür.

Əgər Tehran Bəşər Əsədə hərbi yardımı kəsməzsə, bu, artıq Vyana razılaşmalarının pozulması demək olacaq.

Deməli, suallar bitməyib, əksinə, bundan sonra başlayır. İranda sevinirlər, ancaq bu, sanki tələnin bir addımlığındakı şikarın sevincinə bənzəyir...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *