Vasif Talıbov akademikləri Naxçıvana toplayıb iclas keçirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Vasif Talıbov akademikləri Naxçıvana toplayıb iclas keçirdi

Vasif Talıbov akademikləri Naxçıvana toplayıb iclas keçirdi


İyulun 6-da Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.

"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və iclas iştirakçıları əvvəlcə Naxçıvan Şəhər İcra Hakimiyyətinin foyesində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkil etdiyi “Elmdən təcrübəyə” sərgisinə baxıblar.

Sərgidə nümayiş olunan Naxçıvan duzu, muxtar respublikada istehsal olunan tikinti materialları nümunələri, “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyətində hazırlanan paketlənmiş dərman bitkiləri və kapsullar Naxçıvanın zəngin təbii sərvətlərindən, şəfalı florasından və onların hərtərəfli tədqiqindən xəbər verirdi. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin nümayiş etdirdiyi filiz və qeyri-filiz yataqlarını xarakterizə edən materiallar, Naxçıvan Muxtar Respublikasının faydalı qazıntılarına həsr edilmiş elmi-praktik əsər və monoqrafiyalar da sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universiteti əməkdaşlarının kitab və monoqrafiyaları, muxtar respublikada keçirilən beynəlxalq konfrans və simpoziumların materialları da sərgidə nümayiş etdirilirdi. “Qayıdış”, “Naxçıvan Muxtar Respublikasının yubileyləri”, “Naxçıvan ensiklopediyası”, “Naxçıvan mətbəxi”, “Naxçıvan folkloru antologiyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi” çoxcildliyinin birinci və ikinci cildləri, digər kitablar, naxçıvanlı alimlərin müəllifi olduğu sort və patentlər, muxtar respublikanın bitki örtüyü, heyvanlar aləmi və torpaq xüsusiyyətlərini əks etdirən xəritələr, Bioresurslar İnstitutu əməkdaşlarının hazırladığı dərman bitkiləri, yağ və ekstraktlar, Naxçıvan Dövlət Universiteti tələbələrinin hazırladıqları “Külək generatoru”, “Elektron işıqfor qurğusu”, “Səs generator aparatı”, “Elektron suvarma sistemi” və digər qurğu və avadanlıqlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. “Araz” Elm İstehsalat Birliyi Azərbaycan elminə və kənd təsərrüfatının inkişafına mühüm töhfələr verir. Birlikdə tədqiq olunan və sərgidə nümayiş etdirilən buğda, arpa, qarğıdalı, tez yetişən kartof və müxtəlif meyvə sortları muxtar respublika iqliminə uyğunluğu və yüksək məhsuldarlığı ilə seçilir.

Sərgi ilə tanışlıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasının keçirilməsinin Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin inkişafına göstərilən qayğının daha bir ifadəsi olduğunu bildirərək deyib: Ölkəmizdə elmin inkişafı həmişə diqqət mərkəzində olub. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvi on ikinci əsrdə elmin cəmiyyətdəki rolunu yüksək dəyərləndirərək: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” - deyirdisə, on doqquzuncu əsrdə böyük pedaqoq Məhəmməd Tağı Sidqi yazırdı: “Dünyada insanın vücudunun səmərəsi elm ilə hasil olur. Elmsiz insan meyvəsiz ağaca bənzər”. Həqiqətən də, cəmiyyətin inkişafını elmsiz təsəvvür etmək çətindir. Elm - inkişaf, yenilik, müasirlik, gələcəyə aparan yol deməkdir.

Ötən əsrin 70-ci illərində Naxçıvan Muxtar Respublikasında da elm inkişaf etdirilib, Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elm Mərkəzi, Ordubad Təcrübə - Konstruktur Bürosu və Batabat Astrofizika Rəsədxanası yaradılmış, Naxçıvan Kompleks - Zona Təcrübə Stansiyası, Elmi Tədqiqat Baytarlıq Stansiyası və “Araz” Elm İstehsalat Birliyi təşkil olunmuş, elmi nəticələrin istehsalata tətbiqinə başlanılıb".

Ali Məclisin sədri Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Naxçıvanda keçirilən iclasının Naxçıvanın zəngin təbii sərvətlərinin öyrənilməsi sahəsində yeni istiqamətlər açacağına, alim və tədqiqatçılarımızın əməyi nəticəsində muxtar respublikanın elmi potensialının daha da artacağına əminliyini bildirib.

İclasda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib ki, Azərbaycanın elmi potensialının böyük bir hissəsi Naxçıvanda cəmləşib, bu qədim diyar tarixən Azərbaycanın elm və təhsil mərkəzlərindən biri olub, burada görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri yetişibdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf xətti Naxçıvanı əsl inkişaf və tərəqqiyə qovuşdurub. Hazırda bu qədim Azərbaycan torpağında qədimliklə müasirlik vəhdət təşkil edir. Naxçıvanın inkişafı bir tərəfdən alimlərin qarşısında böyük imkanlar açır, digər tərəfdən onların qarşısında yeni vəzifələr qoyur. Son illər akademiyanın Naxçıvan bölməsinin maddi-texniki bazasının gücləndirilməsi, strukturunun, elmi prioritetlərinin müəyyənləşdirilməsi sahəsində də kompleks tədbirlər görülübdür. Artıq Naxçıvan Bölməsinin elmi nəticələrinin məhsulu olan akademik nəşrləri ölkəmizdə rəğbətlə qarşılanan qiymətli elmi əsərlərdir. Burada elmdən təcrübəyə istiqamətində görülən işlər bir nümunə gücündədir.

Qeyd olunub ki, Milli Elmlər Akademiyasında ölkəmizin sürətli inkişafı ilə həmahəng olan islahatlar aparılır. Son illər idarəetmə və təşkilati sistem əsaslı olaraq təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlər həyata keçirilibdir. 2014-cü il Akademiya üçün onunla əlamətdar olub ki, ölkə Prezidenti Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıbdır. Həmçinin ötən il Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakı Elm Festivalı, eyni zamanda Azərbaycan alimlərinin I Qurultayı keçirilib. Bu gün ölkəmizdə elm və təhsilin uğurlu inteqrasiyasına nail olmaq istiqamətində ardıcıl tədbirlər görülür. Artıq bu il ilkin olaraq 7 ixtisas üzrə akademiyada magistratura təhsili həyata keçiriləcəkdir. Akademiyanın Naxçıvan Bölməsi ilə Naxçıvan Dövlət Universiteti arasındakı uzunillik əməkdaşlıq təcrübəsi elm və təhsilin inteqrasiyası üçün bir nümunədir.

Akif Əlizadə muxtar respublikada elmin inkişafı sahəsində görülən işlərə və iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə arxeologiya elminin inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyevə akademiyanın Fəxri fərmanını təqdim edib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin elmi prioritetləri və vəzifələri” mövzusunda çıxış edərək deyib ki, bölmənin tərkibində 4 elmi tədqiqat institutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası fəaliyyət göstərir. Son illər yeni binaların istifadəyə verilməsi, yaradılan şərait əməkdaşların fəaliyyətini xeyli yaxşılaşdırıb. Bu günə qədər muxtar respublikada 50-dən artıq beynəlxalq səviyyəli konfrans və simpozium keçirilib. Əlyazmalar Fondunda 457 əlyazma və qədim kitablar toplanıb. Hazırda Bölmədə 5 ixtisas üzrə 2 Dissertasiya Şurası fəaliyyət göstərir. Son illər 158 nəfər fəlsəfə doktoru, 34 nəfər isə elmlər doktoru dissertasiyası müdafiə edib.

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” mövzusunda məruzə edən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov deyib ki, muxtar respublikanın biomüxtəlifliyinin öyrənilməsi üçün zəruri şərait yaradılıb. Bioresurslar İnstitutunun əməkdaşları mütəmadi olaraq mövcud sahələrdə dənli-taxıl, paxlalı, meyvə-giləmeyvə, bostan-tərəvəz və digər istiqamətlərdə elmi-tədqiqat işləri aparırlar. Hazırda muxtar respublika ərazisində 2900 növdən çox yabanı ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər yayılıb. Bu da 5000-ə yaxın ölkə florası növlərinin 58 faizini təşkil edir. Azərbaycan Respublikasında mövcud olan 638 növ onurğalı heyvanın da 61 faizi muxtar respublika ərazisində yaşayır. Muxtar respublikanın flora biomüxtəlifliyinə daxil olan 1200-dən çox faydalı və 800 növə yaxın dərman bitkisi vardır. Aparılan ən mühüm işlərdən biri də bu dərman bitkilərinin öyrənilməsi və istifadəsi istiqamətində olubdur.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyev “Naxçıvanın arxeoloji abidələrinin öyrənilməsi” mövzusunda məruzə edib.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında müzakirə olunan məsələlərə dair qərar qəbul olunub.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *