ABŞ eynicinsli nikahları bütün dünyaya yayacaq
ABŞ eynicinsli nikahları qanuniləşdirdikdən sonra, LGBT icmaları üçün analoji hüquqlara digər dövlətlərdə də nail olmaq qərarına gəlib.
Oxu.az “Lenta”ya istinadən xəbər verir ki, bu barədə dövlət katibi Con Kerrinin bəyanatında deyilir.
“Ali məhkəmənin qərarı bütün dünyaya dəqiq siqnal göndərir: diskriminasiyaya əsaslanan heç bir qanun, ədalət dalğasına tab gətirə bilməz”, - Kerri qeyd edib, eləcə də missiyanın yerinə yetirilməsinin lesbi, gey, biseksual və transgenderlərin xüsusi nümayəndəsi Rendi Berriyə tapşırıldığını vurğulayıb.
“O, hər gün dünyada bu insanların hüquqları üçün mübarizə aparır”, - dövlət katibi əlavə edib.
Yeri gəlmişkən, Azərbaycanın millət vəkili Fəzail Ağamalı Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinin bütün ölkə ərazisində eynicinslilərin nikah hüququnu təmin etməsi ilə bağlı verdiyi qərara münasibət bildirərkən "Qafqazinfo"ya deyib: "Amerikada belə bir qanunun imzalanması onların cəmiyyət olaraq ciddi şəkildə deqradasiyaya uğradıqlarının göstəricisidir".
O bildirib ki, həmin cəmiyyətlər bunu insan haqlarının qorunması, ona hörmət edilməsi baxımından izah etməyə çalışırlar: “Düşünürəm ki, bu cür izahların heç bir məntiqi yoxdur. Bir sıra ölkələrdə uzun illər bu həyat tərzinə çevrilsə də, həmin ölkələr cəsarət edib bunu qanuniləşdirməkdən çəkiniblər. Bu gün belə bir addımın atılmasına Amerika cəmiyyətinin özü reaksiya verməlidir”.
Millət vəkili bu hallara çox mənfi yanaşdığını vurğulayıb: “Çünki bu Azərbaycan xalqının milli adət-ənənələri, söykənmiş olduğu dəyərlərlə tamamilə ziddiyyət təşkil edir. Ümidvaram ki, bundan sonra da Azərbaycan xalqı olaraq belə halların ölkəyə gəlməsinə, rəsmiləşməsinə heç zaman icazə verməyəcəyik”.
Məsələyə münasibətini açıqlayan Fazil Mustafa isə qeyd edib ki, Amerika din azadlığının, insan haqlarının ən geniş prinsiplərinin tətbiq olunduğu ölkələrdən biridir: “Bu gün isə Amerika bu məsələdə konservativdir. Görünür, dövlətə təzyiq o səviyyədədir ki, belə bir insan təbiətinə zidd olan yaşam tərzini qəbul etməyə meyilləniblər. Bu həmin sistemlərin çöküşünə gətirib çıxaracaq bir faciədir. Bu gün Amerikada da, Avropada da mənəvi deqredasiya baş verir. Biz öz cəmiyyətimizi bu yanaşmalardan qoruma yolları barədə düşünməliyik. Bu bir dalğadır və mütləq digər regionlara da gələcək. Bunun da qarşısını almaq üçün dini anlayışın cəmiyyətdə möhkəmlənməsinə ehtiyac var. İnsanlar yaradanın verdiyi obrazda özlərini təqdim etməkdən başqa yol düşünməməlidirlər. Bu çox acınacaqlı tendensiyadır və mən bunun ABŞ-da qanuniləşdirilməsini böyük faciə hesab edirəm".
* * * 10:25
ABŞ-ın bütün ərazisində eynicinsli nikahlar leqallaşdırılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Ali Məhkəməsi ölkənin bütün ərazisində eynicinsli nikahların qeydiyyatının leqallaşdırlması barədə qərar verib.
Ali Məhkəmə eynicinsli nikahları ABŞ vətəndaşlarının konstitusiya hüququ kimi tanıyb. Bu vaxta kimi ABŞ-ın 50 ştatından 37-də bu cür nikahlar leqallaşdırılmışdı. ABŞ-da belə bir hüququ ilk olaraq 18 noyabr 2003-cü ildə Massaçusets ştatı öz sakinlərinə verib.
Qeyd edək ki, eynicinsli nikahlar dünyanın 20 ölkəsi, Meksikanın bir neçə ştatı və Böyük Britaniya ərazisinin çox hissəsində leqallaşdırılıb. Dünyada ilk olaraq belə bir hüququ öz vətəndaşlarına 2001-ci ildə Niderland verib.
Mənbə:> Virtualaz.org