İrəvan mitinqində odlu silah – VİDEO
Ermənistanın paytaxtında elektrik enerji tariflərinin qaldırılması qərarının ləğv edilməsi tələbi ilə cümə günü axşamı başlanan mitinq bu gecə də davam edir.
ANS PRESS-in məlumatına görə, iştirakçıların sayı artıq rekord həddə çatıb.
Bununla yanaşı gücləndirilmiş polis qüvvələrinin sayı da artırılıb. Polis üzərində odlu silah daşıyan bir nəfəri saxlayıb. “Tapança götürülüb. Vəziyyət araşdırılır, istintaq gedir”- deyə paytaxt polisindən bildiriblər.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü odlu silah daşıyıcısı paytaxt sakini deyil. Belə ki, Ermənistanın bir sıra şəhər və rayonlarından da elektrik enerjinin bahalaşması qərarının ləğv edilməsi tələbi etiraz aksiyalarına insanlar qatılıb.
Hazırda Ermənistan Milli Məclisinin qeyri-iqtidar üzvləri, tanınmış mədəniyyət xadimləri və şou biznes nümayəndələri polis qüvvələri ilə nümayişçilər arasında “canlı hasar” yaradıb. Etirazçıların dünya mediasına da ismarıcları var. Onlar təşəbbüslərinin "maydan" yox, “Marşal Baqramyan” adlandırılmasını tələb edir. Bu prezident sarayı yaxınlığındakı prospektin və metro stansiyasının adıdır. Lakin bu həm də etirazçıların çevriliş niyyətlərindən də xəbər verir.
İrəvan polis rəisinin müavini Valeri Osipyan bir neçə dəfə “Talana yox!” təşəbbüs qrupu üzvlərinə yaxınlaşıb, asayişin qorunması məsələsini müzakirə edib. Hazırda hüquq müdafiəçiləri kənarda baryerlər arxasından mitinqi izləyir. Polis dinc aksiya iştirakılarına qarşı güc əməliyyatı tətbiq edilməyəcəyini bəyan edir.
Xatırladaq ki, bundan əvvəl polis su şırnaqları ilə və fiziki güc tətbiq edərək nümayişi dağıtmışdı.
Mənbə:> ANSPRESS