ABŞ Rusiyanı təhdid etdi
Rusiya humanitar karvanı Ukrayna ərazisindən çıxarmadığı təqdirdə, ABŞ yeni sanksiyalara əl atacağı barədə təhdid edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Barak Obamanın milli təhlükəsizlik üzrə müavini Ben Rods bildirib.
Onun sözlərinə görə, yardım karvanı Ukrayna ərazisini tərk etməsə, Rusiya “əlavə nəticələr” ilə üzləşəcək və Rusiya iqtisadiyyatına qarşı sanksiyalar tətbiq olunacaq.
Qeyd edək ki, bu gün ABŞ prezidenti Barak Obama və Almaniya baş naziri Angela Merkel arasında telefon söhbəti baş tutub. Onlar hər ikisi Rusiya yardım karvanının Ukraynanın icazəsi olamadan ölkə ərazisinə girməyini Ukraynanın ərazi bütövlüyünə təcavüz adlandırıblar.
Ukrayna öz növbəsində icazə olmadan yardım karvanının ölkənin şərq sərhədlərini keçdiyini deyərək Rusiyanı birbaşa işğalçı adlandırıb. Ukraynanın Xarici İşlər Nazirliyinin cümə günü açıqladığı bəyənatında deyilir ki, yoxlanış üçün sərhəd məntəqəsində bir neçə gün gözləyən 200 maşından ibarət humanitar yardım karvanı Ukraynaya doğru irəliləyib.
Karvan neçə gündür ki, yoxlanışdan keçmək üçün gözləyirdi. Moskva isə Kiyevin icazəsini gözləməkdən yorulduğunu bildirib.
Bu arada Qırmızı Xaç Cəmiyyəti də təhlükəsizlik zəmanəti olmadığı üçün maşın karvanını müşayiət etməyəcəyini bildirib.
Hazırda maşın karvanı Luqanska çatıb və 2 min ton yardım yükünün boşaldılmasına keçilib.
Mənbə:> ANSPRESS