ABŞ Berlinlə əməkdaşlığı dondurdu – Böhran
ABŞ Ərbildə peşmərgə qüvvələrinə təlim keçən alman hərbçilərlə kəşfiyyat əməkdaşlığını dondurub. Axar.az “Bild” qəzetinə istinadla xəbər verir ki, Vaşinqtonun bu addımı atmasına səbəb bölgədəki alman hərbçilərə qarşı hücum təhlükəsinin artmasıdır. Qəzet Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) əməliyyata qatılan 100 alman əsgərinin təhlükəsizliyini təmin etmək üçün İŞİD mənsublarının əlaqə və hərəkətini izləyən sistem qurduğunu iddia edib. Lakin BND sistemin qurulması üçün ABŞ-dan sifariş verdiyi texnologiya və cihazları ala bilməyib. Qəzetə danışan BND səlahiyyətlisi vəziyyətin narahatlıq yaratdığını bildirib: “Bu riskin davam etdiyi bir müddətdə belə bir həssas texnologiyanın almanların istifadəsinə verilməsi qeyri-mümkündür”. ABŞ Milli Təhlükəsizlik Xidmətinin bir işçisi isə rəsmi Berlinin reaksiyasından narahat olduqlarını bildirib: “Təslim etsək, bu texnologiyanın Almaniya parlamentinin Araşdırma komissiyasında müzakirə edilməsindən çəkinirik”. Xatırladaq ki, Almaniya parlamentinin iki ölkənin gizli xidmətlərinin əməkdaşlığını araşdıran komissiyası son həftələrdə bir çox məqamların üstünü açıb. Komissiya son olaraq BND-nin ABŞ-ın istəyi ilə Fransa Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmilərini, Parisdəki Yelisey sarayı və Brüsseldəki Avropa Komissiyasını dinlədiyini təsbit etmiş, həm Vaşinqtonu, həm də Berlini çətin vəziyyətdə qoymuşdu. Gizli qalması arzulanan məlumatların davamlı olaraq ictimaiyyətə sızması Ağ Evin Almaniya ilə əməkdaşlığı yenidən nəzərdən keçirməsi ilə nəticələnib.
Mənbə:> Axar.az