Vikipediyaya etiraz
"Vikipediyada təxribatçı addımları həyata keçirənlərin sayı az deyil, bu cür ziyanlı məqalələrin sayı yetərincədir. Vikipediya azad layihədir, bura dünyanın istənilən nöqtəsindən insanlar daxil olub, istədikləri məqalələri yaza bilərlər. Alimlərimiz Vikipediyadan istifadə baxımdan çox passivdirlər".
AMEA RH aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu sözləri Azərbaycan Vikipediyasının adının açıqlanmasını istəməyən adminlərindən biri deyib. O həmçinin bildirib ki, AMEA institutlarının əməkdaşları fəal olmalı və təxribatçı məqalələrin yayılmasına qarşı əsaslı mübarizə aparmalıdırlar.
Azərbaycan Vikipediyasında təxribatçı məqalələrə qarşı elm adamlarının əsaslı araşdırma işləri və mövqeləri olmalıdır, lakin "AzViki"də vəziyyət isə hazırda çox acınacaqlıdır. Azərbaycanda vikipediya məqalələrinin yazılması ilə elm adamları yox, əksinə elmi tədqiqat işləri ilə heç bir əlaqəsi olmayan kiçik nəslin nümayəndəri məşğul olur.
"Mən Vikipediyadakı təxribatçı addımlardan xəbərdaram, bununla bağlı sosial şəbəkədə informasiya yaymışdım. Lakin bəzi qruplarda məni təhqir edib, məhkəməyə verməklə təhdid etdilər. "Azərbaycanda LGBT tarixi" adlı məqalənin Vikipediyada yayılmasına qarşı çıxmışdım. Lakin bildiyiniz kimi Vikipediyada 15 admin var, məqalənin yayılması üçün onların yekun rəyi olmalıdır, bir nəfərin etirazı məsələni həll etmir.
Qeyd etmək lazımdır ki, Avropa oyunları ərəfəsində Vikipediyada həmçinin Azərbaycan tarixinə, tarixi şəxsiyyətlərinə, mənəviyyatına qarşı təxribatlara başlanılıb. Bildirək ki, son günlərdə bununla bağlı AMEA Tarix İnstitutunun mətbuat xidməti bu təxribatlara qarşı öz haqlı və əsaslı etirazını KİV-də və xəbər portallarında yayıb.
Mənbə:> ANSPRESS