Milli Şuranın mitinqinə icazə verildi
“Qafqazinfo”ya daxil olan məlumata görə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 30 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verilib.
Təşkilatçılardan xahiş olunub ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət edilsin. Həmçinin, gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunması məqsədəuyğun olunduğu bir daha qeyd olunub.
Milli Şuranın Mətbuat Xidmətinin rəhbəri Oqtay Gülalıyev bildirib ki, BŞİH-nin qərarı MŞ-nın Koordinasiya Mərkəzinin iclasında müzakirə ediləcək. Bundan sonra mitinqin olub-olmayacağı müəyyənləşəcək.
Mənbə:> Virtualaz.org