“İkinci məsələ Rusiyadan gələn təhlükədir”
“Qafqazinfo” xəbər verir ki, forumda çıxış edən R. Nurullayev vətəndaş cəmiyyətinin ölkədəki vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, bu sahədə problem var və ciddidir: “Buna görə də, Azərbaycanın Avropa Şurasından çıxarılması və Avropa Birliyi ilə Qonşuluq siyasətini dayandırmaq çağırışları var. Buna yol vermək olmaz. Əksinə, Azərbaycan hakimiyyəti ilə daha intensiv danışıqlar aparılmalı və Avropa standartlarına uyğun dövlət qurulmasına inandırmaq lazımdır.
İkinci məsələ isə, Rusiyadan gələn təhlükədir. Azərbaycan Assosiasiya Sazışını imzalasa, Avropa Birliyi Rusiyanın qarşısında dayana biləcəkmi? Bu gün Dağlıq Qarabağ probleminə iki yeni konflikt də əlavə oluna bilər. Biri cənubda, biri də Şimal sərhədində. Əgər, Avropa Ukraynanı xilas edə bilsəydi, bu gün bu problemlə qarşılaşmazdıq.
Üçüncü məsələ isə, Dağlıq Qarabağ münaqişəsinə münasibətdir. Avropa Gürcüstanın və Ukraynanın ərazi bütövlüyü məsələsini Assosiasiya sazişinə daxil edib, amma Azərbaycanla bağlı ikili standart qoyub. Avropa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aydın və təmiz mövqe sərgiləməlidir. Ən azından Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə bəslədiyi münasibəti Azərbaycana da sərgiləməlidir. Dördüncü məsələ, yeni şirnikləndirici şərtlərin ortaya atılması ola bilər. İndiki şərtlərlə inteqrasiya Azərbaycan hakimiyyətinə maraqlı deyil. Çünki, əsas ixracat olan neft və qazını Avropaya satır. Buna görə də, yeni resursların təklif edilməsi və yanaşmanın dəyişməsi məqbul ola bilər”.
Mənbə:> Qafqazinfo.az