İstanbul valisi dəyişdirildi
Türkiyədə prezident seçkilərindən sonra İstanbul şəhəri də daxil olmaqla, əksər vilayətlərinin valiləri dəyişdirilib. Bəzi valilər bir vilayətdən digərinə, bəziləri isə dövlət strukturlarında başqa vəzifələrə təyin olunub. Başqa vəzifəyə keçirilən İstanbul valisi Hüseyn Avni Mutlunun yerinə dünənə kimi Malatya valisi olan Vasip Şahin təyin edilib.
Yeni İstanbul valisi bu məsuliyyətli işə başladıqdan sonra ilk açıqlamasını da verib. Vasip Şahin ona göstərilən etimada görə hökumətə və malatyalılara təşəkkürünü bildirib, eləcə də istanbullular qarşısında da üzüağ olacağına ümid etdiyini vurğulayıb. Yeni İstanbul valisi bu vəzifəyə təyin olunmasının onun üçün gözlənilməz olduğunu da etiraf edib.
Vasip Şahin ötən il Malatya valisi olarkən İstanbuldakı Gəzi parkı olayları ilə əlaqədar bir çox vilayətlərdə olduğu kimi, Malatyada da keçirilən etiraz aksiyalarının insidentsiz ötüşməsinə nail olmuşdu.
Mənbə:> ANSPRESS