Nəsrullahdan ABŞ-a ittiham
“Hizbullah” lideri Amerika Birləşmiş Ştatlarını (ABŞ) ittiham etdi.
ANS PRESS-in məlumatına görə, "Hizbullah" qruplaşmasının lideri Həsən Nəsrullah ötən həftə ABŞ Konqresində gündəmə gətirilən İraqdakı kürd və sünni qrupların silahlandırlması təklifinə münasibət bildirib. O, bu barədə öz qruplaşmalarına aid Əl-manar televiziyasına danışıb.
“Hizbullah” lideri açıqlamasında bildirib ki, ABŞ ərəbləri bölmək istəyir: “Ərəbləri kürd, sünni, şiə amillərini ortaya ataraq məzhəb və siyasi cəhətdən ayırmaq istəyirlər. Beləliklə də bölgədəki ölkələrin gücünü zəiflətmək, bir-birlərinə qarşı silahlandırıb vuruşdurmaq niyətindədirlər. Bütün bu proseslərdən sonra isə onlarla müttəfiq olan ölkələri, hətta Səudiyyə Ərəbistanını da böləcəklər.”
Bundan başqa, o, ABŞ-ın apardığı siyasətə qarşı əli-qolu bağlı dayanmayacaqlarını, onların bu planları həyata keçirmələrinə icazə verməyəcəklərini bildirib.
Xatırladaq ki, İraqlı şiə lider Müqtəda əs-Sədr də ötən günlərdə bu məsələyə toxunmuş və etirazını çatdırmışdı.
Mənbə:> ANSPRESS