Yekaterinburqda ermənilər sülhdən imtina etdilər
Bu gün Yekaterinburqda Sverdlovsk vilayətinin erməni və azərbaycanlı diasporunun nümayəndələri ilə sülhməramlı mətbuat konfransı keçirilməli idi.
Tədbirdə diaspora rəhbərləri rəmzi olaraq əllərini sıxacaqdılar və bununla da azərbaycanlı futbolçu Emil Hüseynovun qətlinin millətlərarası münaqişəyə gətirib çıxarmadığını bildirəcəkdilər.
Oxu.Az uralpolit.ru saytına istinadla xəbər verir ki, erməni diasporunun rəhbəri Masis Nazaryan görüşə gəlməkdən imtina edib.
“Bu yaxınlarda o, təsdiq etmişdi ki, gələcək. Lakin onu təcili surətdə harasa çağırdılar və o, getməli oldu”, - mətbuat konfransının iştirakçıları jurnalistlərə deyiblər.
Xatırladaq ki, ötən bazar günü Yekaterinburq yaxınlığında kafelərin birində 27 yaşlı azərbaycanlı Emil Hüseynov qətlə yetirilib. Cinayətdə 23 yaşlı erməni idmançı Tiqran Çiçakyan şübhəli bilinir.
Mənbə:> Oxu.Az