Deputat: Həcü başqadı...
Mirşahinin verilişindən, sosial şəbəkədəki paylaşımlardan da anladım ki, ölkədə “Həcü başqadı..” deyilən bir “prikol”, hətta dolların qalxmasından da önəmli məsələ kimi ictimai həyatımızı işğal edib.
Oxu.Az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Facebook səhifəsində qeyd edib.
Deputat bildirib ki, rastlaşdığı adamlardan da bu “prikol” barədə ağızdolusu bəhsetmələri dinləyəndə “kişinin öz arvadının ətini kəsib yeyə bilər” kimi uydurma bir fətvanın bizim cəmiyyətdə niyə belə tez yayıla bildiyinə də təəccüblənməyib:
“Hətta tanınmış bir jurnalistin də “ərəblərdə adam əti yemək adəti olub, necə ki, Əbu Sufyanın arvadı Hind, Vəhşi tərəfindən öldürülmüş Hz. Həmzənin ciyərini yemişdi” sübutuna heç təəccüblənmədim. Hətta belə nəticə çıxarmaq olar ki, ərəblərdə adam yemək imtiyazı İslama qədər qadınlara tanınırdı, İslam gələndən sonra kişilərin bu imtiyazı əldə etməsinə yaşıl işıq yandırıldı. İndi Azərbaycanda nə vaxtsa təhsil almış bir ərəb jurnalisti çıxıb bəyan etsə ki, “bu azərbaycanlıları mən tanıyıram, burada ananın öz oğlunun ətini yeməsi adəti var”, yenə də təəccüblənməyəcəyəm. “Dədə Qorqud” filmindəki məşhur epizodu təhrif olunmuş şəkildə YouTube qoyur ki, baxın, Şöklü Məliyə əsir düşmüş Tural (Uruz) anası Burla Xatuna deyir ki, “mənim ətimi tikə-tikə doğrayıb bişirəcəklər, hamı bir tikə yesə, sən iki tikə ye!” imperativ təklifi bu azərbaycanlıların babaları olan Oğuz türklərinə aiddir. Adamın ətini bişirən də qıpçaq türküdür. İndi buyur, cavab ver bu ərəbə”.
Deputatın sözlərinə görə, düşüncəsi, anlayışı, dünyagörüşü “prikollarla” dolu olan cəmiyyətdə ara-sıra insanları ermənilərin bizə hazırladığı və illərdir göstərdiyi “Qarabağ” “prikol”una baxmağa yönləndirmək lazımdır:
“Ermənilər təkcə torpağımızı, ətimizi yeməyiblər, beynimizi də yeyiblər. Ona görə də “Həcü başqadü...” deyən “prikol” qəhrəmanı cəmiyyətin nə istədiyini bizlərdən qat-qat yaxşı bilir”.
Mənbə:> Oxu.Az