“Hücum edən qoşunları dəstəkləməyə bütün gücümüz, texnikamız var...”
“Son beş il ərzində Raket və Artilleriya Qoşunlarının silahlanmasının əsasını yeni texnikalar təşkil edir. Əvvəlki illərlə müqayisədə bütün minaatan batareyaları, toplar və raket qurğuları komanda idarəetmə maşınları ilə təchiz olunub. Minaatan batareyalarımız təkcə idarəetmə dəstləri ilə yox, həm də gecəgörmə cihazları ilə də komplektləşib. Eyni zamanda silahlanmamıza ən müasir özüyeriyen toplar, reaktiv silahlar, operativ taktiki raket qurğuları da daxil edilib. Bütün avtomobil texnikaları da yenilənib».
Bu barədə Azərbaycan Silahlı Qüvvələrinin Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov ordu.az portalına müsahibəsində danışıb.
General deyib ki, indi Azərbaycan ordusu 90-cı illərin əvvəllərindəki ordu deyil. Qoşunların istifadəsində olan bütün texnikalar, silahlar, toplar yenilənib.
“Biz bununla kifayətlənmirik, indi bütün yedəklənən topların komanda idarəetmə maşınları ilə təchiz olunması üzərində işləyirik. Biz silah və texnikalarımızı gizlətmir, paradlarda, təlimlərdə bütün dünyaya nümayiş etdiririk»-Zahid Hüseynov bildirib.
Raket və Artilleriya Qoşunlarının komandanı deyib ki, ordu qarşısına qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Onun sözlərinə görə, döyüş hazırlığı ilə yanaşı, hər bir zabitin qarşısında duran ən ümdə vəzifələrdən biri də şəxsi heyətin Vətənə sədaqət, dövlətçiliyimizə bağlılıq ruhunda formalaşmasıdır. “Ordu mənsubu kimi, böyük fəxrlə deyirəm ki, bu gün möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa hər an hazır və qadir olan güclü ordumuz var”-general Hüseynov vurğulayıb.
Komandan bu günlərdə keçirilən irimiqyaslı təlimlər zamanı raket və artilleriya qüvvələrinin sərəncamında olan yeni texnikaların necə sınaqdan keçməsi haqda da danışıb.
“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, bu günlərdə keçirilən geniş miqyaslı təlimlərdə qarşıya qoyulan vəzifələri tam həcmdə icra edərək, irimiqyaslı döyüş əməliyyatlarını uğurla yerinə yetirdik. Təlimdə nümayiş etdirdik ki, tabor hücumda olarkən onu atəş vasitələri ilə dəstəkləmək üçün reaktiv qurğulara, özüyeriyən diviziona, helikopterlərə, təyyarələrə, minaatan batareyalara, həmçinin odsaçan qurğulara, taktiki raket qurğularına, “Smerç” və “Qasırğa”ya sahibik. Bundan başqa, Azərbaycan Ordusunun arsenalında operativ taktiki raketlər, LORA, "Polonez", "Ekstra", yeni "Msta-S” özüyeriyən qurğularımız, "Vena" yeni özüyeriyən artilleriya qurğusu da var. Daim saz və döyüşə hazır toplarımız, həmçinin işlək vəziyyətdə olan avtomobillərimiz, yeni komanda idarəetmə maşınlarımız da ordumuzun gücündən xəbər verir. Bu maşınların hamısı məxfi rejimdə işləyir və onlara qarşı heç bir bloklanma qoyula bilməz. Bir daha vurğulamaq istəyirəm ki, bizim kifayət qədər yeni silah və texnikalarımız, həmçinin hücum edən qoşunları dəstəkləməyə güclü qüvvəmiz var»-general Hüseynov deyib.
Mənbə:> Virtualaz.org