Trampın keçmiş vəkili Konqresə yalan dediyini etiraf edir
ABŞ prezidenti Donald Trampın uzun müddət şəxsi vəkili olmuş Maykl Koen Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair federal təhqiqata yalan məlumatlar verdiyi barədə ittihamı qəbul edib.
Koen Manhetten federal məhkəməsində, Tramp kampaniyasının seçkinin nəticələrinə təsir göstərmək məqsədilə Rusiya ilə birgə işlədiyi barədə iddiaları araşdıran Konqresə yalan məlumat verməsini etiraf edib.
ABŞ mediası yazır ki, Koenin Senat komitəsinə verdiyi yalan məlumatlar Moskvada “Trump Tower” otelinin tikintisi planları ilə bağlı olub.
Koen məhkəmədə etiraf edib ki, o, 2017-ci il avqustun sonlarında bu otellə bağlı sazişlə əlaqədar Moskvada danışıqlar aparıb.
Bu ilin avqustunda Koen özünə qarşı taksi biznesi, bank fırıldaqçılığı və Tramp kampaniyası üçün işi ilə bağlı başqa federal ittihamlar üzrə özünü təqsirli saydığını demişdi.
Sentyabr ayında Koenin vəkili demişdi ki, o, xüsusi prokuror Robert Müllerin təhqiqatı üçün “son dərəcə əhəmiyyətli informasiyalar” verir.
Müller Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini və Tramp kampaniyasının Rusiya rəsmiləri ilə mümkün sövdələşmələrini araşdırır.
Mənbə:> Virtualaz.org