Politoloq: İsrail üzr istəsə, problem olmayacaq
Rusiyanın hərbi kəşfiyyat təyyarəsi Suriya səmasında bu ölkənin raketi ilə vurulub, ancaq Moskva İsraili günahkar bilir. Çünki Moskvanın iddiasına görə, İsrail hərbi təyyarələri Suriyanın Hava Müdafiə Qüvvələrini qəsdən çaşdırıblar. İsrail vurulan təyyarəyə görə Moskvadan üzr istəməyib, əksinə, deyib ki, baş verən hadisəyə görə İran və “Hizbullah” günahkardır.
Bunu Oxu.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, məsələ burasındadır ki, İsrail təyyarələri İranın Suriyadakı mövqelərini bombalamaq məqsədilə havaya qalxıblar.
O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi açıqlama verərək, İsrailə qarşı adekvat addımlar atacağının anonsunu verib:
“Suriyadakı müharibəyə rəğmən, Rusiya-İsrail münasibətləri bu günə qədər normal idi, Rusiya prezidenti Vladimir Putinin il ərzində ən çox görüşdüyü liderlərdən biri İsrailin baş naziri Benyamin Netanyahu olub. Ancaq vurulan təyyarə vəziyyəti qəlizləşdirdi, Putin 15 hərbçisinin ölümünə seyirçi qala bilməz.
İsrail üzr istəsə, problem olmayacaq, əks halda, iki dövlət arasında münasibətlərdə soyuqlaşma başlayacaq. Necə ki, vaxtilə vurulan təyyarəyə görə Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına cavab vermirdi, eləcə də, yeni vurulan təyyarəyə görə Rusiya-İsrail münasibətlərinin gərginləşməsi bizim maraqlara cavab vermir”.
Mənbə:> Oxu.Az