Belçikada azərbaycanlı ailə 5 uşağı ilə birlikdə həbsxanaya salındı
Belçikada Azərbaycandan olan 5 uşaqlı ailə uşaqları ilə birlikdə həbsxanaya salınıb. Virtualaz.org xəbər verir ki, buna səbəb ailənin sığınacaq müracətinin rədd edilməsinə baxmayaraq ölkəni tərk etməkdən imtina etməsidir. Ölkəni tərk etmək tələbini yerinə yetirmədiyinə görə Belçikada ailənin bütün üzvlərinin həbsxanaya salınması bundan əvvəl cəmi bir dəfə -ötən ay baş verib.
Bildirilir ki, azərbaycanlı ailə Steenokkerzeel həbsxanasına salınıb. Onların barəsində deportasiya qərarı verilənə qədər həbsxanada qalacaqları açıqlanıb. Belçika dövləti bundan əvvəl Serbiyadan olan 4 uşaqlı ailəni avqustun 14-də həmin həbsxanaya yerləşdirib. Həmin hadisə Belçika ictimaiyyətində geniş narazılığa səbəb olub.
Mühacirlər üzrə dövlət naziri Theo Francken ötən gün sosial şəbəkələr üzərindən yaydığı açıqlamada azərbaycanlı ailənin Steenokkerzeel həbsxanasına yerləşdirildiyini bildirib. Nazir qeyd edib ki, sığınacaq tələbi rədd edilənlərin ölkəni tərk etməkdən imtina etməsi kimi qanunsuz hallara qarşı bundan sonra da laqeyd qalmayacaqlar.
Azərbaycanlı ailənin həbsxanaya salınmasına etiraz edən “NotİnMyName” insan haqları qrupu və bir çox qeyri-hökumət təşkilatları sentyabrın 14-də aksiya keçirəcəklərini bildiriblər. İnsan haqları müdafiəçiləri uşaqların həbsxanaya salınmasının yolverilməz olduğunu və buna yol açan qərarın qüvvədən salınması üçün Belçika Dövlət Şurasına müraciət edəcəklərini bildiriblər.
Mənbə:> Virtualaz.org