Akar və Fidanın Moskva səfəri: Çavuşoğlu xəbərdarlıq etdi
Çavuşoğlunun Rusiyaya son səfəri, Lavrovla görüşünün ardından Müdafiə naziri Hulusi Akar və MİT sədri Hakan Fidanın da Rusiyaya getməsi və orada ali səviyyədə görüşlər keçirməsi əslində həm də ikitərəfli münasibətlərin inkişafını göstərir.
AzNews.info bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayıl deyib. O bildirib ki, amma bu görüşlərin intensivləşməsinin təməlində yatan əsas səbəb İdlib məsələsidir:
"Yəni Suriyada Əsəd rejimi Rusiyanın da dəstəyi ilə demək olar ki, bir çox bölgəni müxaliflərdən təmizləyib. Bu gün onların qarşısında duran əsas məsələ İdlibdir. İdlib təhlükəsizlik bölgəsi sərhədləri daxilində Türkiyənin nəzarətində olan ərazidir. Digər bölgələrdə qarşıdurmalar davam etdiyi şəraitdə bir çox qruplaşmalar İdlibdə məskən salıb. Bu bölgədən Rusiyanın hərbi bazasına və əsgərlərinə təhdidlər var. Belə bir vəziyyətdə həm rejimin, həm də Rusiyanın dəstəyi ilə İdlibdə əməliyyatlar keçirmək istəyirlər".
Ekspert vurğulayıb ki, Türkiyənin ABŞ-la əlaqələrinin yaxşı olmadığını da nəzərə alsaq, dolayısı ilə Türkiyəyə qarşı təzyiqlərin artdığını da hiss etmək olar:
"Təsadüfi deyil ki, dünən Çavuşoğlu açıqlamasında İdlibdə hər hansı hərbi toqquşmaların fəlakətə səbəb olacağını dedi. Bu çox önəmli məsələlərdən biridir. Yəni bu səfərlərin, keçirilən görüşlərin əsasında Suriya məsələsi ön plana çıxmaqdadır".
Ekspertin sözlərinə görə, ikili münasibətlər həm Türkiyə, həm də Rusiya üçün çox vacibdir:
"Görüşlərdə Rusiya ilə iqtisadi münasibətlərin inkişaf etdirilməsi, Türkiyə üçün vacib olan viza məsələsinin sadələşdirilməsi, enerji məsələləri və digər layihələr haqqında da müzakirələr aparılıb. Xüsusilə hərbi sənaye sahəsində işbirliyi məsələsi gündəmdədir. İkili münasibətlər günbəgün inkişaf edir. Bunun sadəcə ABŞ-ın təzyiqlərinin artdığı dönəmdə gerçəkləşməsi bir çox məsələləri önə çıxarır. ABŞ-a qarşı iki ölkənin birlikdə hansı addımları atacağı da aktual məsələlərdəndir".
Qeyd edək ki, son bir həftə ərzində Türkiyənin Müdafiə naziri Hulusi Akar və MİT sədri Hakan Fidan iki dəfə Moskvaya səfər edib.
Mənbə:> Axar.az