İtaliya Prezidentinə “Heydər Əliyev” ordeni təqdim edildi
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 18-də təltifetmə mərasimi keçirilib.
Virtualaz.org-un məlumatına görə, mərasimdə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, prezidentin qızı Laura Mattarellanın “Şöhrət” ordeni, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesinin isə “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları oxunub.
Sərəncamlarda deyilir ki, prezident Sercio Mattarella Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə, Laura Mattarella ölkələrimizin humanitar əməkdaşlığının, Enzo Moavero Milanesi isə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində xidmətlərinə görə bu ordenlərlə təltif olunublar.
Dövlət başçısı İlham Əliyev ordenləri təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilməsi haqqında İtaliya Respublikasının Prezidentinin - “Xidmətlərinə görə” ordenin rəhbərinin 2018-ci il iyulun 12-də imzaladığı sərəncamlar elan edilib. İtaliya Prezidenti Sercio Mattarella ordenləri təqdim edib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi qəbul təşkil olunub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya Prezidentinin qızı Laura Mattarella rəsmi qəbulda iştirak ediblər.
Dövlət başçıları rəsmi qəbulda çıxış ediblər.
Mənbə:> Virtualaz.org