İlham Əliyev: İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır
İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq dərinləşəcək.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
“Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda “Cənubi Qaz Dəhlizi” layihəsini uğurla icra edir. Bu, 40 milyard dollar dəyərində olan layihədir, onun böyük hissəsi icra edilib. Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı Bakıda olmuşdur. Onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışı olmuşdur. Yəni, bu istiqamətdə işlər uğurla gedir və bu, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır”.
Prezident vurğulayıb ki, İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir
“Bu gün açılacaq polimer zavodunun inşasında İtaliya şirkəti fəal iştirak edib. Azərbaycanda bir çox İtaliya şirkətləri fəaliyyət göstərir. Biz bu gün bu məsələ ilə bağlı da danışdıq və mən prezident Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır, biz onların səviyyəsini bilirik, onlar çox yüksək texnologiyaya malik olan şirkətlərdir.
Azərbaycanda inşaat sektorunda, kənd təsərrüfatı sahəsində, ağır sənaye sahəsində bir çox layihələr icra ediblər və çox yüksək səviyyədə icra ediblər. Əlbəttə ki, keçirilən görüşlər və sabah iştirak edəcəyimiz İtaliya-Azərbaycan biznes forumu qarşımızda yeni imkanlar açacaq. Çünki Azərbaycanın sürətli iqtisadi-sənaye inkişafı tələb edir ki, yeni texnologiyalar gətirilsin. Əlbəttə ki, ilk növbədə, biz bu texnologiyaları dost ölkələrdən gətirmək, əldə etmək istərdik”.
Mənbə:> Oxu.Az