Azərbaycanda xaos və anarxiya yaratmaq istəyirlər” - Əflatun Amaşov
"Heç bir silahlı və media müstəvisindəki təxribat Azərbaycanı yolundan döndərə bilməz”.
AzNews.info xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun Trend İnformasiya Agentliyinə müsahibəsində bildirib.
Gəncə hadisələri ilə bağlı danışan sədr qeyd edib ki, Azərbaycana qarşı təxribat dolu aksiyaları həyata keçirən qüvvələr ən müxtəlif dövlətlərdən idarə olunurlar:
"Təxribatçı oyun quranların əllərində ən müxtəlif təzyiq vasitələri və onların gerçəkləşdirilməsi üçün planlar var. Biri baş tutmadısa, başqası, o baş tutmadısa, tamam yenisi. Prosesə xüsusi beyin mərkəzləri cəlb olunur. Kifayət qədər sistemli iş aparılır. Son illər isə bu istiqamətdə internet informasiya resurslarının, ayrı-ayrı sosial şəbəkə profillərinin "xidmətlərindən” geniş istifadə edilir. Anti-azərbaycançı dairələrin hamısı üçün sosial şəbəkələrdən və internet mediadan intensiv yararlanma xarakterikdir”.
Ə.Amaşov qeyd edib ki, Azərbaycanın nailiyyətləri xaricdə anti-azərbaycançı dairələr formalaşdırır və onları hərəkətə keçirir:
"Bu dairələrin erməni lobbi və diaspor təşkilatları ilə sıx işlədiklərinin şahidi oluruq. Fərqi yoxdur, İranda, Rusiyada və ya Qərbdə - birmənalı qaydada erməni kartından istifadə olunur. Eyni zamanda erməni lobbi və diaspor təşkilatları anti-azərbaycançı qüvvə kimi özləri də müstəqil təzyiq vasitəsi qismində fəaliyyətdədirlər.
Anti-azərbaycançı dairələrin əsas məqsədləri bəllidir. Ölkəmizin dünyadakı mövqeyini sarsıtmaq, beynəlxalq ictimaiyyətin gözündəki müsbət imicini ləkələmək, xüsusən nümunə kimi göstərilən tolerant, multikultural dünyəvi dövlət modelini sıradan çıxarmaq, xaos və anarxiya yaratmaqla bölgənin sərvətlərinin asan yolla mənimsəmək”.
Mənbə:> Trend