Polkovnik Mansurzadə “söyüş partiyası” və onun arxasında dayanan qüvvələrdən yazdı
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə 11 aprel prezident seçkiləri ərəfəsində sosial şəbəkələrdə Azərbaycan dövlətinin, onun rəhbərlərinin barəsində söyüş, təhqir kampaniyası aparan “söyüş partiyası”nın fəaliyyəti, onun arxasında dayanan qüvvələrin maraqları və xalqın seçkilərdə bu bədnam qüvvələrə verdiyi layiqli cavab barədə müəllif məqaləsi ilə çıxış edib. O.Mansurzadənin virtualaz.org saytına təqdim etdiyi məqaləni oxucuların ixtiyarına buraxırıq.
***
Çoxdan idi ki, bu mövzuda yazmaq istəyirdim. Buna görə müxtəlif xəbər saytlarında, sosial şəbəkələrdə yayımlanan, bəzən adi etik qaydalara sığmayan, əndazəni aşan tərbiyəsizliklə müşahidə olunan, aşırı həyasızlıqla, sırtıqlıqla və yersiz görməmişliklə, canıyananlıqla çulğalaşmış audio və videomaterialları, şərhləri, tvit və mesajları oxumaq, nəzərdən keçirmək, ürək istəməsə də ən azından mövzuya bələd olmaq baxımından, əsasən, belə neqativ yüklü məlumatları gözdən keçirmək məcburiyyətində qalırdım.
Nə qədər ürəkbulandırıcı olsa da bir neçə əsr ərzində demokratiyanın, insan haqlarının əlifbasının təməlinin qoyulduğu, kərpic-kərpic qurulduğu “köhnə qitə”nin azman dövlətlərində, indiki demokrarik, azad, söz və ifadə azadlığının intişar etdiyi Avropanın əsas söz sahibləri olan İngiltərə, Almaniya və Fransanın paytaxtlarından virtuoz bir drijor çubuğunun sehrli hərəkəti ilə başı və daşı özümüzdən olan bəzi soydaşlarımızın fəal iştirakıyla üzərimizə axan bu söyüş, təhqir və iftira selinin nədən qaynaqlandığını anlamaq istəyirdim.
Bəzən sadəlövhcəsinə güman edirdim ki, yox, çoxəsrlik demokratik təcrübəyə, yüksək ictimai şüur və səviyyəyə malik həmin ölkələrin ən müxtəlif dövlət təsisatları, partiyalar, QHT təmsilçiləri, yaxud insan hüquq və azadlıqları üzrə ixtisaslaşmış təşkilatlar mayası, min təəssüf ki, ölkəmizdə yoğrulsa da qayəsi Avropanın dolanbac küçə və yollarında korlanmış bəzi naxələf övladlarımızın anti-Azərbaycan, anti-dövlət anomaliyasına, dövlətin təmsilşilərinə və onların ailə üzvlərinə qarşı yönəlmiş, bütün məqbul, hətta ağlasığmaz hədləri də aşmış bu söyüş, təhqir stixiyasının, ədəbsizlik kampaniyasının qarşısını almaq üçün hərəkətə keçəcək, belə ciddi-cəhdlə sürdürülən ritorikaya “dur” deyərək onların təşkilatçılarını və icraçılarını birincilərdən gözlədiyimiz humanizmə, ləyaqətə, opponentlərə qarşı bəlli bir etik çərçivədə polemika aparmağa dəvət edəcəkdir.
Lakin min leyk-əfsus ki, işləri tərsə düşən, qeyri-qanuni hərəkətlərinin qarşısı ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alındığı zaman Avropa strukturlarının qapıları ağzında müticəsinə, boynubükük vəziyyətdə duran, xaricdə özlərini “mühacirlər”, ölkə daxilində isə “milli demokratlar” adlandıran bu cameəni qızışdırıb respublikamıza, onun iqtidarına qarşı virtual söyüş savaşı açmağa, daşıdıqları natamamlıq kompleksi səbəbindən hakimiyyət mənsublarına öz aləmlərində qurşaqdan aşağı zərbələr endirməyə təhrik edən qüvvələr də nə qədər qəribə və təəccüblü olsa da elə məhz “köhnə qitə”nin “müasir” düşüncəli demokratlarıdırlar. Bu da dünyanın ən müxtəlif qitələrində, bölgələrində demokratiya adıyla milyonlarla sadəlövh insanın beynini dumanlandırmış, insan hüquqlarının, qanunun alilyinə əsaslanan ədalətli, azad, demokratik cəmiyyət quruculuğu bəhanəsilə vətəndaşları öz adət-ənənlərinə, çoxəsrlik mədəniyyətlərinə, şanlı tarixlərinə qarşı çıxaraq son nəticədə onları vətəndaş qarşıdurmasına sövq edir, dağıdılaraq məhv edilmiş qədim mədəniyyətlərin, sivilizasiyaların əsasında xaos, idarəolunan anarxiya və sözəbaxan, ələbaxan rejimlər yaradır, işğal olunmuş və ya vassala çevrilmiş guya müstəqil dövlətlərin əli ilə sonuncuların təbii ehtiyatlarını yamğalayır, insani resurslarını, əqli mülkiyyətini mənimsəyərək özünküləşdirməyə çalışırlar.
İkinci cahan savaşından sonra bərqərar olmuş beynəlxalq təhlükəsizlik sistemini pozmağa yönəlmiş, dünyanın yenidən bölüşdürülməsinə, təbii sərvətlərlə zəngin ölkələrin ram edilərək yenidən istismarına hesablanmış bu mənhus kampaniyanın hədəflərindən biri, heç şübhəsiz ki, Qafqaz regionu, onun açar ölkəsi olan, orta əsr istilahları ilə desək, “alınmaz qalası” sayılan Azərbaycan da vardır.
Sirr deyil ki, ulu öndərin ali hakimiyyətə tarixi qayıdışından sonra Azərbaycanda sözəbaxan, oyuncaq bir rejimin qurulmasında maraqlı olan, digər ələbaxan Afrika, Latın Amerikası, Asiya ölkələri kimi respublikamızın da təbii sərvətlərini sümürüb dünya bazarlarına daşımaq qəsdilə neokolonial siyasət yeritmək niyyətində olan imperialist qüvvələr illər uzunu ən müxtəlif bəhanələrlə, əsasən də özlərinin hər addımbaşı tapdaladıqları demokratik prinsiplər, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması adı altında daha çox neft, qazla zəngin dövlətlərin işlərinə müdaxilə etməyə çalışır, onların müstəqil daxili və xarici siyasət aparmalarına hər vəchlə maneçilik törətməyə çalışır, öz təsir dairələrində olan çeşidli beynəlxalq təşkilatlar, daxildə və xaricdə bu məqsədlə hazırlanan, xüsusi təlimatlandırılan və maliyyələşdirilən, “beşinci kalon” qismində istifadə olunan “milli demokratlar” və “siyasi mühacirlər” vasitəsilə çaxnaşma, vətəndaş qarşıdurması, xaos yaratmağa səy göstərir, bütün bunlar heç bir işə yaramadıqda isə sonda “demokratiya ixracı” ilə pərdələnmiş hərbi müdaxiləyə rəvac verirlər. Son 5-6 ildə həmin beynəlxalq güclərin Şərqi Afrikanın, Yaxın Şərqin müsəlman ölkələrinə hansı fəlakətləri və bədbəxtlikləri gətirdiyinin biz bu gün əyani şahidləriyik.
Çox şükürlər olsun ki, ulu öndərin məqsədyönlü, balanslaşdırılmış, milli maraqlarımıza cavab verən strategiyasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünəməxsus dilomatik incəliklə, müdrikcəsinə yürüdərək olduqca həssas dönəmdən keçən beynəlxalq münasibətlər sistemində bloklara qoşulmama siyasətini uğurla aparır, iqtisadiyyatımızın, siyasi və hərbi qüdrətimizin daha da artırılması istiqamətində möhtəşəm fəaliyyət ortaya qoyur. Təbii ki, dövlət başçımızın öz xarakterinə və dəsti-xəttinə uyğun şəkildə heç bir dövlətdən və ya təşkilatdan asılı olmayaraq, qürurlu şəkildə və ləyaqətlə apardığı, yalnız ölkəmizin milli maraqlarının təmin olunmasını nəzərdə tutan belə müstəqil siyasət yürütməsi məlum güclərin xoşuna gəlmir.
Əvvəldə qeyd etdim ki, son illər müxtəlif adlar altında, səbəb və bəhanələrlə Avropa ölkələrinə köç edərək daimi yaşayış izni almış və ya həmin dövlətlərin vətəndaşları qismində “mükafatlandırılmış”, özlərini “siyasi mühacir” olduqlarının iddia edən, əslindəsə müstəqilliyimizə qənim kəsilmiş, anti-Azərbaycan qüvvələrin əlində maşaya çevrilən bəzi soydaşlarımızın “köhnə qitə”nin paytaxt şəhərlərini sərbəst dolaşaraq olduqca aqressiv, tərbiyəsiz formada ölkəmizə, ayrı-ayrı şəxslərə qarşı görünməmiş ölçüdə və şəkildə söyüş, təhqiramiz ifadələr yağdırmaları, olduqca məmnun görkəmdə belə əxlaqsız davranışlara iqtidara qarşı mübarizənin vacib bir elementi kimi baxmaları özünü mədəni, demokratik dünyanın mərkəzləri sayan ölkələrin paytaxtlarının düz mərkəzində, qanun keşikçilərinin gözləri qarşısında baş verir, həmin dövlətlərin hökumətləri, şəhərlərin hakimiyyət orqanları səviyyəsində bu vakxanaliyaya, dözümsüzlüyü, nifrəti, aqressiyanı təbliğ edən bədnam özfəaliyyətə, nəhayət, həmin binəvaların milli kimliklərini ifşa edən rəzil tanıtım kampaniyasına hər hansı formada münasibət bildirilmədi.
Kimlər də anlamasa bütövlükdə Azərbaycan dövlətinə qarşı yönəlmiş iyrənc kampaniyaları sanksiyalaşdıran, onların rahatlıqla, canfəşanlıqla sürdürülməsinə göz yuman, belə riyakar mövqe ilə bəzi sapı bizdən olanların guya ifadə azadlıqlarına meydan verən kəslər bu dırnaqarası aksiyaların siyasi yüklü olduğunu bilməmiş deyildilər.
Ölkə rəhbərliyinə, simvollarına, adət-ənənələrinə qarşı bütün virtual aləm boyu yürüdülməsinə baxmayaraq, dövlət yetkililərinin göstərdikləri dözüm, təmkinlik, səbr, həmçinin mövzu ilə bağlı verilən açıqlamalar, aparılan zəruri izahat işləri nəticəsində şər-şəbədə, söyüş kampaniyasının iflasa uğradığını bu gün əminliklə söyləmək olar.
Müdrik atalarımız “Hər şərdə bir xeyir vardır”,-deyiblər. Əslində, sözügedən kampaniya insanların sanki gözlərini bir qədər də geniş açmağa, ətrafımızda cərəyan edən hadisələrə ayıq baxmağa sövq etdi, onları haqsız iradlara və tənqidə məruz qalan ölkə başçısı ətrafında daha da sıx birləşməyə sövq etdi. Əlbəttə ki, son 15 ildə həayat keçirilən böyük quruculuq, abadlıq işlərinin, cəmiyyət həyatının bütün sahələrində aparılan islahatların, sosial-iqtisadi problemlərin həlli yönündə görülən böyük ölçülü işlərin əyani nəticəsidir ki, aprelin 11-də keçirilən seçkilərdə seçicilərin mütləq əksəriyyəti, daha doğrusu 86,02 faizi cənab İlham Əliyevə böyük etimad göstərərək onu yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçmiş, onun müstəqillliyimizin, dövlətçiliyimizin, iqsadi və hərbi qüdrətimizin daha yüksəldilməsinə yönəldilən siyasətini növbəti dəfə dəstəkləmişdir.
Nə qədər təəccüblü olsa bir o qədər maraqlıdır ki, “söyüş partiyası” ilə eyni cəbhəni və mövqeni bölüşən, demokratiya və insan haqları mövzuları ilə bərabər sən demə “beynəlxalq müşahidəçilik” institutunu da inhisarlarına keçirmiş bəzi avropalı deputat və müşahidəçilər ayrı-ayrılıqda seçkilərin normal gedişatından, ən yüksək beynəlxalq standartlara cavab vermələrindən razılıqla danışsalar da ümumilikdə ATƏT və AŞPA-nın Müşahidə Missiyasının heç bir ciddi arqumentasiya, dəlil-sübut gətirmədən əks-mövqe sərgiləməsi də ölkəmizə qarşı ədalətsiz və ikili yanaşmanın, Azərbaycan Prezidentinin şəxsiyyətinə və nüfuzuna qısqanc yanaşmanın, respublikamızın artan uğurlarının görməzdən gəlinməsinin bariz nümunəsidir.
Bəzi avropalı parlamentarilərin, “söyüş partiyası” və radikal cameənin məntiqi böyük suallar doğurur. Onlar iddia edirlər ki, demokratik seçkilərdə qalibin aldığı səslər 50 faiz və ya bir az yuxarı civarında ola bilər. Rəqəmlər göstərilən həddən artıqdırsa, guya bu, artıq avtoritarizmin əlamətidir. Nə vaxtdan xalqın öz liderinə sonsuz sevgi və ehtiramı, bunun birbaşa rəqəmlərdə öz əksini tapması seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini istisna edib, ona xələl gətirib? Əksinə, bu xüsusda radikal müxalifət cəbhəsinin rəhbərlərindən birinin maraqlı bir etirafını xatırlatmaq da yerinə düşər.
Cəbhəçilərin rəhbəri, ozamankı dövlət katibi AXC-Müsavat cütlüyünün süquta uğramasından danışarkən əsas səbəblərdən biri kimi 1993-cü ilin iyununda, ölkə vətəndaş müharibəsi astanasında olarkən Ə.Elçibəyin hakimiyyəti müdafiə etmək məqsədilə vətəndaşları indiki Prezident Administrasiyasının inzibati binasının qarşısına toplaşmaq üçün çağırış etdiyini, lakin mərhum dövlət başçısının çağırışına cəmi bir neçə min adamın səs verdiyini, xalqın cəbhəçi hökuməti müdafiə etmədiyini xüsusilə vurğulayıb. İyirmi beş il öncə AXC-Müsavat birliyinə, iqtidarına sarsılmış inam radikal cinahı xalqın dəstəyindən birmənalı, geriyə dönməyəcək bir şəkildə məhrum edib.
Əksinə, özünün yüksək nüfuzu, təşkilatçılıq, xarizmatik liderlik keyfiyyətləri sayəsində xalqdan növbəti dəfə etimad mandatı almış Prezident İlham Əliyev aprelin 11-də keçirilmiş seçkilərin ilkin nəticələri elan olunduqdan dərhal sonra ona göstərilən böyük etimada görə xalqa müraciət edərək minnətdarlığını bildirib.
Dövlət başçısı qeyd edib ki, o, həmişə Azərbaycan xalqının dəstəyini hiss edir: “Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq...”
Mənbə:> Virtualaz.org