Əli Həsənov üçün “əcəl zəngi”: nəvənin acığını seçkidən çıxır
11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərinin nəticələrini gözləyənlərdən biri də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri Əli Həsənovdur.
Anaxeber.Az-ın verdiyi məlumata görə, 20 ildir bu komitənin başında olan qocaman Ə.Həsənovun yubileyində təntənəli şəkildə vəzifəsindən yola salınacağı gözlənilir.
Onun Baş nazirin müavini postunda saxlanılması şərti ilə komitə sədrliyindən göndərilməsi nəzərdə tutulur.
Ölkənin siyasi rəhbərliyi tərəfindən nəvəsinin məlum qəzasına görə “qələmi qırılmış” Ə.Həsənovun sərəncamının çoxdan hazır olduğu deyilir.
Sadəcə, hakimiyyət rəhbərliyi adı qalmaqala və ya insidentə qarışan dövlət məmurunu dərhal azad etmir. Bir neçə ay sonra döşünə orden taxaraq yola salırlar...
Ə.Həsənovun istefaya göndərilməsini yalnız nəvəsi Nail Allahverdiyevin qudurğanlıq edərək iki nəfərin ölümünə səbəb olması ilə bağlamaq olmaz.
Ümumilikdə, babasının “Qaçqınkom”dakı 20 illik büdcə talanı və seçkilərdən sonra ciddi kadr dəyişikliklərinə hazırlıq görülməsi onun gedişini zəruri edib.
Hakimiyyətin lokomotivi olan islahatçı qanad seçkidən sonra “Qaçqınkom”u da öz qanadı altına almağı planlaşdırıb.
Vergilər və Təhsil Nazirlikləri kimi komitənin də başına gənc bir sədr gətirilməsi nəzərdə tutulur. Əslində analoji aqibət Gömrük Komitəsi sədrini də gözləməkdədir.
O baxımdan Ə.Həsənovun düyməsi çoxdan basılıb və onunla bağlı yayılan son məlumatlara da diqqət yetirəndə məlum olur ki, daxildəki qüvvələrdən biri komitə sədrini “zərərsizləşdirir”.
Məsələn, onun qardaşı oğlunun Sumqayıtda yaşıllıqları məhv etməsi haqda xəbərlərə komitə sədrinin reaksiya verməsi, tenderlərdə korrupsiya faktlarının üzə çıxması kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir.
Təbii ki, Ə.Həsənov ciddi fiqurdur və onu devrilməsini istəyənlər var. Amma “Qaçqınkom” rəhbəri bu müddət ərzində əldə etdiyi limiti lazımınca dəyərləndirə bilmədi.
Söhbət ondan gedir ki, aprel seçkiləri ərəfəsində köçkünlərlə iqtidar arasında bir körpü yaratmalıydı, 1 milyon qaçqının səsini qazanmaq üçün fəallıq nümayiş etdirməliydi.
Amma Ə.Həsənov sanki vəzifədən gedəcəyəni bildiyinə görə, yerindən tərpənmir və hücrəsinə çəkilib. Belə görünür ki, nəvəsinin həbsinə görə iqtidardan acığını çıxır.
Anaxeber.Az-ın verdiyi məlumata görə, nəvəsi N.Allahverdiyevin törətdiyi ağır qəza Ə.Həsənovun karyerasını bitirmək üçün ilk sarsıdıcı təkan oldu.
Dövlət başçısının qəzəbinə tuş gələn və gözündən düşən komitə sədri təzədən etimad qazanmaq üçün dəridən qabıqdan çıxmalıydı.
Lakin seçki ərəfəsində məcburi köçkünlərlə ünsiyyət qurmayan, onları iqtidarın namizədinə səs verməyə çağırmayan, yaxasını kənara çəkərək etinasızlıq göstərən “Qaçqınkom” sədri hakimiyyətdən üz çevirərək bu şəkildə qisas almağa çalışır.
Məsələnin mahiyyəti bundan ibarətdir ki, qudurğanlıq edərək insan tələfatına səbəb olan bəzi məmur balaları cəzalandırılmayıblar, həbs olumayıblar.
Ömrünü iqtidara xidmətə həsr eləmiş Ə.Həsənov da hesab edir ki, onun bu əməyinə görə nəvəsi həbs edilməməliydi.
Hərçənd ki, Nail mayda gözlənilən böyük əfv aktında azadlığa çıxacaq. Lakin bu gəncin qəzası babasının karyerasına daha böyük zərbə vuran qəza oldu.
Amma təkcə budurmu? – Xeyr! Ə.Həsənov qaçqınlara ayrılan milyonları çırpışdırıb. Bəs nəvəsinin 6 milyonluq avtomobil kolleksiyası hansı büdcə hesabına formalaşıb?
Zirzəmilərdə, daxmalarda ömrü çürüyən, sağlamlığını itirən, illəri gedən yurd-yuvasız köçkünlərin dövlətdən almalı olan pullar bir Nailin “Galenvagen” sürməsinə xərclənib.
O hadisədən sonra heç bir maliyyə qurumu təftiş eləmədi ki, bu pullar hardandır, Ə.Həsənovun nəvəsi necə oliqarx həyatı yaşayır və s...
Amma gəlin faktlara nəzər salaq: hazırda məcburi köçkünlərin dəqiq sayı ilə bağlı dolğun rəqəm verilmir.
Anaxeber.az yazır ki, “Qaçqınkom”un sədri Əli Həsənovun son açıqlamasında məcburi köçkünlərin sayının 636 min olduğu göstərilir.
Hesablama Palatasının 2016-ci il hesabatlarında isə qeyd edilir ki, müavinət alanların sayı 540 mindir.
Buradan belə çıxır ki, ya hər kəs müavinətlə əhatə olunmur, ya da “Qaçqınkom” göstərdiyi rəqəmlər doğru deyil. Belə bir halı Hesablama Palatası müxtəlif illərdə apardığı yoxlamalarda aşkar etmişdi.
Tender hesabatlarında şəhərciklərin tikintisində iştirak edən şirkətlərdən biri “Şəms-95”-dir. Rəsmi məlumatlarda Ağdam rayonunda sifarişçi təşkilat olaraq Məcburi Sosial İnkişaf Fondunun 2017-ci il tenderlərində “Şəms-95”-lə yanaşı, “Azəraqrartikinti” ATSC, “Alibəyli” MMC, “Xumar-98” şirkətlərinin də adları keçir.
Xərcin 2,3 milyardı sırf tikinti işlərinə sərf olunub. Təəssüf ki, tender məlumatlarında ifact.ge bu sektora aid dövlət sifarişlərinin ictimaiyyətə açıq olan yalnız 122 milyon manatlıq məbləği tapa bilib.
Ə.Həsənovun qardaşı Ramiz Həsənov Zəngilan Rayon İcra Hakimiyyətinin başçısıdır. “Qaçqınkom”-a ayrılan vəsaitlərdən əlavə, dövlət büdcəsindən işğalda olan 10 rayonun icra hakimiyyətlərinin saxlanılması üçün də vəsait ayrılır.
iFact.ge adı sıyahıda olan, lakin xərci göstərilməyən iki şəhərcik aşkarlayıb. Bunlar, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yan-yana salınan “Binəqədi Gənclər” və “Qarant” şəhərcikləridir.
Bu iki şəhərciyə 2012-ci ildən əhali hissə-hissə binalar hazır olduqca köçürülməyə başlanılıb və proses indiyədək də davam etməkdədir.
Belə böyük bir şəhərcik salınandan və əhali köçürüləndən sonra məlum olub ki, ərazidə nə məktəb var, nə səhiyyə ocağı, nə də iaşə obyekti.
Mənbə:> Anaxeber.az