Ərəb Dövlətləri Liqası fövqəladə iclasa toplaşır
Ərəb Dövlətləri Liqası fələstinli nümayişçilərlə İsrail əsgərləri arasında toqquşmaların baş verdiyi Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün aprelin 3-də Qahirədə təşkilatın daimi nümayəndələri səviyyəsində fövqəladə iclas keçirəcək.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, ki, bu barədə təşkilatın baş katibinin Fələstin üzrə nümayəndəsi Səid Əbu Əli məlumat verib.
Qeyd edək ki, fövqəladə iclasın çağırılması barədə müraciət Fələstin tərəfindən edilib. Bu müraciət Misir, Küveyt və İordaniya tərəfindən dəstəklənib.
Xatırladaq ki, martın 30-da Qəzza zolağında fələstinlilərin “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Minlərlə qaçqının doğma torpaqlarına qaytarılması tələbi ilə keçirilən aksiya zamanı İsrail hərbçiləri ilə toqquşmalarda 20-yə yaxın fələstinli ölüb.
Buna baxmayaraq, fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.
Mənbə:> Virtualaz.org