Prezident biznesmenləri sevindirdi
"Sərmayə batmayacaq, əksinə, yaxşı gəlir gətirəcək"
"Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı müqavilə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında xüsusi rol oynayacaq. Beləliklə, biz qitələri birləşdirərək həm iqtisadi mənfəət götürəcəyik, - çünki bizim ərazimizdən keçən tranzit yüklər on milyon tonlarla ölçüləcək, - eyni zamanda, biz bölgədə yeni bir əməkdaşlıq formatını yaradırıq". Bunu Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda çıxış edən prezident İlham Əliyev deyib.
Onun sözlərinə görə, hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir. Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. "Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm. Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, otellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə, yaxşı gəlir gətirəcək".
Prezident 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşlərindən də bəhs edib. O, bu görüşlərin çox böyük əhəmiyyəti olduğunu qeyd edib. "Görüşlərdə həm siyasi, həm iqtisadi, həm nəqliyyat, həm enerji məsələləri müzakirə edilib. Hesab edirəm ki, üç ölkənin iş adamları da mövcud olan imkanlardan istifadə etməlidirlər.
Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı artıq neçə ildir ki, fəaliyyət göstərir və bu yaxınlarda Bakıda yeni, dördtərəfli əməkdaşlıq formatı da reallaşıb - Azərbaycan, İran, Gürcüstan və Türkiyə. Burada əlbəttə ki, həm regional təhlükəsizlik, əməkdaşlıq, siyasi məsələlər, qarşılıqlı dəstək müzakirə olunur, eyni zamanda, iş adamları üçün, bir daha demək istəyirəm, geniş imkanlar açılır".
Mənbə:> IstiPress.az