Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Trampın Rusiyadan niyə qorxduğunu açıqladı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennan prezident Donald Trampın Rusiyadan niyə çəkindiyi barədə danışıb. Virtualaz.org xəbər verir ki, Con Brennan Rusiyanın əlində Tramp barədə “nəsə olduğunu” deyib. Onun fikrincə məhz kompromatın mövcudluğu Trampın Rusiya prezidenti Vladimir Putinə münasibətdə kifayət qədər isti münasibətini izah edir.
Xəbər verildiyi kimi Donald Tramp müşavirlərinin məsləhətinə baxmayaraq Putinə zəng vuraraq yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Bu telefon zəngi ABŞ mətbuatında Trampa qarşı yeni tənqid dalğasını başladıb və onun Rusiya ilə şübhəli əlaqələri barədə müzakirələri qızışdırıb. Tramp özü isə Putinə telefon zəngini və təbrikini əsaslandırmağa çalışaraq bunu Rusiya ilə ümumi dil tapmaq niyyəti ilə izah edib.
“Mən deyirəm ki, ola bilsin rusların əlində nəsə var və Tramp buna görə narahatdır. Ona bizlərdən daha yaxşı məlumdur ki, rusların əlində nəsə var, ya yox”-MKİ-nin keçmiş direktoru “The Hill” nəşrinə bildirib.
Rusiyanın əlində Tramp barədə kompromatların ola biləcəyi barədə bundan əvvəl də məlumatlar yayılıb. Hazırda bunu və Trampın Rusiya ilə şübhəli əlaqələrinə dair digər məqamları xüsusi prokuror Robert Müllerin komandası araşdırır.
Mənbə:> Virtualaz.org